Həqiqətən də Azərbaycan musiqisinin kökü, özülü, siması - bütün epitetlərə layiq dahi bir bəstəkardır Üzeyir Hacıbəyli.
İstirahət günlərində - noyabrın 23-ü dahi bəstəkarın növbəti dəfə anım gününü qeyd etdik. Onun vəfatının 76-cı ildönümü idi.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisidir. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 115 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başladı. Elə bir opera ki, 115 ildir tamaşaya qoyulur və anşlaqla keçir.
Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə Əbdürrəhim Fərəcov çıxış ediblər. Təəccüblənməyin. O vaxt qadın səhnəyə çıxa bilməzdi.
İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Qoca Şərqin opera tarixi məhz o gündən başlayıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası keçmiş sovet respublikalarının opera və balet teatrlarında da dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası ölməz “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası isə “Arşın mal alan” olub. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Dahi bəstəkarın ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi bərpa etdikdən sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Bəli, bu qədər uğurun, nailiyyətin, başlanğıcın bir şəxsə aid olması sizə adi gəlməsin.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Təbii ki, belə bir sənətkar ölməzdir. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
Onu da qeyd edək ki, bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşa düşmən tapdağından azad edilib. Artıq Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı o yerlərdə muğam sədaları eşidilməkdədir.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)