Dekabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Moskva Müasir Musiqi Ansamblı (MASM) və N’Caged vokal ansamblı azərbaycanlı bəstəkarların, həmçinin Aksenov Ailəsi Fondunun "Rus Musiqisi 2.0" layihəsinin qaliblərinin yeni əsərlərindən ibarət konsert proqramı təqdim edəcək.
Muğam Mərkəzindən AzərTAC-a bildirilib ki, konsert Aksenov Ailəsi Fondu və Bakı Müasir Musiqi Cəmiyyətinin "CON TEMPO. Müasir musiqi burada və indi" adlı layihəsi əsasında keçirilir.
Qeyd edək ki, konsert proqramında yer alan 7 əsərin Bakıda dünya premyerası olacaq.
Təqdim olunan layihənin iştirakçıları arasında Mark Buloşnikov, Said Qani, Türkar Qasımzadə, Oleq Xroxalyev, Darya Maminova, Marina Poleuxina və Aleksey Sısoyev yer alır. Proqramı tanınmış bəstəkarlar, musiqi prodüserləri və musiqişünaslarının iştirak edəcəyi ustad dərsləri, dəyirmi masalar və ictimai müzakirələrdən ibarət olacaq.
Layihə müxtəlif ölkələrdən və nəsillərdən olan musiqiçilər arasında təcrübə mübadiləsi üçün bir məkan yaradır, mədəni körpülər qurur və dəyişən dünyada müasir sənətin taleyini düşünür.
Konsertə giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(21.11.2024)