Nyu-Yorkdakı Linkoln Mərkəzinin Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin qala-konserti baş tutub.
AzərTAC xəbər verir ki, konsertdən əvvəl müsabiqənin Təşkilat Komitəsinin rəhbəri, tanınmış pianoçu Nərgiz Əliyarova çıxış edərək layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Münsiflər heyətinin sədri, Juilyar məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri, tanınmış bəstəkar Melinda Vaqner müsabiqənin jürisinin üzvü kimi öz iştirakından danışıb. Birinci mükafata layiq görülən diplom amerikalı bəstəkar Kianu Raeviyə təqdim edilib.
Konsertin proqramına Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Bundan əlavə, Azərbaycan xalq mahnıları, “Sarı gəlin”, “Ağacda alma”, “Aman, ovçu” və digər milli musiqi nümunələri də təqdim olunub.
Gecədə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova çıxış edib.
Proqramda ABŞ-da yaşayan gənc azərbaycanlı müğənni Aqil Süleymanov, həmçinin MSM-in Kamera Musiqisi Ansamblının ifaçıları iştirak ediblər.
Qeyd edək ki, IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsi Azərbaycan xalq mahnılarına həsr olunub. Müsabiqənin məqsədi bir sıra Azərbaycan xalq mahnılarının plagiatının qarşısının alınması və onların milli mədəniyyətimizə aid olduğunun beynəlxalq musiqi ictimaiyyətinə çatdırılması, həmçinin bütün dünyada geniş təbliğidir.
Müsabiqənin qalibləri sentyabrın 18-də Azərbaycanda qeyd olunan Milli Musiqi Günündə elan edilib. Sentyabrın 28-də Bakıdakı Kamera və Orqan Musiqisi zalında Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı çərçivəsində qalib olan əsərlərin premyerası olub.
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)