Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti, tar ifaçısı Elçin Həşimovla görüş keçirilib.
Mərkəzdən AzərTAC-a bildirilib ki, görüşdə tar aləti və onun ifaçılıq ənənələri, peşəkar milli musiqi mədəniyyətinin inkişafında tarın rolu və dünyada təbliği, pedaqoji fəaliyyət, uşaq və gənclərin bədii zövqünün formalaşdırılması istiqamətində söhbət aparılıb.
Elçin Həşimov sənətdə ilk addımlarından, tar alətinin milli musiqimizin təbliğində özünəməxsus yerindən, həmçinin ifaçılıq ənənələrindən bəhs edib.
Tədbirdə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi, “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Müsabiqəsinin Qran-Pri mükafatçısı Vaqif Təhməzov (nağarada müşayiət Siyavuş Kərimov), Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin 10-cu sinif şagirdi Hüseyn Əliyev müxtəlif musiqi əsərlərini ifa ediblər.
Ustad dərsi formatında keçirilmiş görüşdə sənətçi iştirakçıları maraqlandıran sualları cavablandırıb və yeni hazırlanmış musiqi albomunu gənc tar ifaçılarına hədiyyə edib.
“Sənətkarın dostu” layihəsi çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə incəsənət xadimlərinin iştirakı ilə paytaxt Bakı və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin təşkili nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(31.10.2024)