Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan istedadlar ölkəsidir. Biz mədəniyyətimiz və incəsənətimizlə hər zaman fəxr edəcək bir xalqıq. Mən növbəti dəfə çox gözəl bir konsertin şahidi oldum.
Düzdür, Azərbaycan Milli Konservatoriyası səhnəsində konsert proqramları tez-tez təşkil olunur, tamaşaçı sevgisi qazanır. Hər dəfə biz bunu görürük, bu gün isə çox fərqli idi. Azərbaycan Müstəqillik gününə həsr edilən bu konsertdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Professor, Xalq artisti Siyavuş Kərimi və Əməkdar artist Ramil Qasımov iştirak edirdilər. Bu konsert üçün repertuarı elə böyük incəliklə seçmişdilər ki, sanki Azərbaycan Respublikasının çətin, keşməkeşli, qürurlu, fəxrli ömür yolu vərəqlənirdi. Konsertin fəxri qonağı isə Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu idi.
Polad Bülbüloğlu gəncliyimdə ən çox dinlədiyim sənətkar olub. Ramil Qasimov Polad Bülbüloğlu repertuarından da ifalar etdi. Tamaşaçılar çox böyük sevinclə konserti izlədi .
Bütün bu mənzərə gözəl, xoş oldu.
Mənimsə fikrim rektor, Xalq atrtisti Siyavuş Kərimidə idi. Onun fortepianoya həzin toxunuşlarından musiqini bütün ruhuyla hiss etməyimdən danışmayacam, yox. Bu barədə yəqin çox yazıb, çox danışıblar. Mən bu insana uzaqdan baxıb öz özümə düşünürdüm: Sənətkarı göz üstündə tutmaq lazımdır, onları sevmək azdır, onları qorumaq və üstlərində əsmək lazımdır. Çünki öz yaradıcılığına ayıracağı vaxtı bütöv bir tədris müəssisəsini idarə etməyə ayıran, Azərbaycan Musiqisi üçün canını fəda edən insandı Siyavuş Kərimi.
Konsertdə ifa olunan musiqi əsərləri içində ürəyimə yol tapıb gözümdən yaş kimi süzülən "Ey xəyal" musiqi əsərini xüsusi vurğulamaq istəyirəm. Musiqisi Oktay Kazimiyə, sözləri Fikrət Qocaya aid olan, bir vaxtlar Rəşid Behbutovun ifası olan "Ey xəyal" mahnısı olduqca gözəl müşayiətlə ifa olundu. Konsert çox gözəl və uğurlu alınmışdı. Mənə elə gəlir ki, bütün mötəbər qonaqlardan tutmuş, təcrübəyə gələn tələbələrə qədər hər kəs böyük sevinclə ordan ayrıldı. Hətta deyərdim ki, ayrılmaq istəmirdilər.
Konsertdə Siyavuş Kərinminin yeni musiqi əsəri də ifa olundu. Xalq artisti Siyavuş Kərimiyə, Əməkdar artist Ramil Qasımova yaradıcılıq uğurları, necə gözəl birgə əsərlər arzu edirəm.
Xalq artisti Siyavuş Kəriminın həyatından keçən böyük şəxsiyyətlər olub - Ulu öndər Heydər Əliyev, gözəl sənətkarımız Xalq artisti Rəşid Behbudov, Azərbaycan Musiqisində iz qoyan xalq artisti Rafiq Babayev və s. Bəli, bu şəxsiyyətlərlə ünsiyyət abu havasını qoruyan gözəl sənətkarımızdan daha bir çox həzin, ürəyə yol tapacaq musiqi əsərlərini gözləyirik.
Azərbaycan Milli Konservatoriyası bütün xalqımızın bayramını bu möhtəşəm konsertlə təbrik edir.
Müstəqillik günün mübarək, gözəl məmləkətim!
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)