Sabah “Mezzo” telekanalı Şahin Növrəslinin konsertini canlı yayımda təqdim edəcək Featured

Oktyabr ayında “Mezzo” telekanalı öz tamaşaçıları üçün əsl musiqi eksklüzivi hazırlayıb: tanınmış Azərbaycan pianoçusu Şahin Növrəslinin konserti canlı yayımlanacaq. 

 

Musiqiçinin bu il mayın 23-də nüfuzlu “Auditorium Louis Vuitton Fondation” meydançasında çıxışı musiqi aləmində böyük maraqla qarşılanıb və bütün dünyada milyonlarla tamaşaçısının rəğbətinə səbəb olub. Həmin konsert “Medici TV” kanalının canlı efirində təqdim edilmişdi. 

“Ədəbiyyat və incəsənət” portalı Şahin Novrəslinin açıqlamasına istinad edərək xəbər verir ki, konsertin canlı yayımı “Mezzo Live” kanalında sabahdan - oktyabrın 19-dan 31-dək, 13 gün ərzində davam edəcək.

“Mezzo” Avropanın klassik musiqi, opera, balet və caz üzrə bir nömrəli telekanalıdır. O, tamaşaçılara həm yeni istedadlı musiqiçilər, həm də dövrümüzün tanınmış ulduzları haqqında eksklüziv televiziya proqramları təqdim edir.

Şərq və Qərb musiqisi ənənələrini harmonik şəkildə birləşdirən, habelə virtuoz ifası, özünəməxsus üslubu ilə tanınan Şahin Növrəsli “Auditorium Louis Vuitton Fondation”da çıxışı zamanı parlaq improvizasiyalar və dərin emosiyalarla dolu yeni proqramını ictimaiyyətə təqdim edib. Konsert dünyanın hər yerindən cazsevərləri bir araya gətirərək mədəni həyatda əsl hadisəyə çevrilib.

Xatırlaq ki, Şahin Növrəsli konsertlə bağlı təəssüratlarını ötən həftə AzərTAC-ın müxbiri ilə bölüşmüşdü: “Dünyanın ən yaxşı səhnələrindən birində və solo proqramı ilə çıxış etmək böyük zövq idi. Konsertə bir ay qalmış biletlərin artıq satıldığını öyrəndim və buna sevindim. Hələ də çoxları mənə yazır və bu konsertə görə təşəkkür edir! Konsert eyni dərəcədə populyar “Medici TV” kanalında canlı yayımlandı. İndi isə 13 gün ardıcıl olaraq bütün dünyanın izlədiyi, seçmə yayımlanan “Mezzo Live” telekanalında yayımlanacaq. Bu, böyük uğur və məmnunluqdur”.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.