“Qaraçı” deməyək, “Qaraca” deyək! Featured

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

Adıçəkilən bu hava aşıq mahnılarının ən qədim çeşidlərindən biri hesab olunur. Həmin hava ilə bağlı ayrı-ayrı düşüncələr yaranmış, təhlillər aparılmışdır. Onlardan biri havanı qaraçı – Amerika, Avropa və Asiyadan köçəri və yarımköçəri hind toplumu, xalqın içində yaranmış həmin adla bağlı olduğu deyilir. 

 

Ancaq ozanların dediyinə görə, bu hava ozanlar ozanı Dədə Qorqud tərəfindən yaranmışdır. Onun bu havanı Qaraca çobanın qəhrəmanlığı ilə ərsəyə gətirdiyi  deyilir. Ona görə də havanın “Qaraçı” deyil, “Qaraca oğlan” olması daha inandırıcıdır. 

Havanın melodik quruluşu onun uzun tarixə mənsub olmasını göstərir. Ona görə də “Qaraca” adının bu havanın tarixinə çox uyğun gəldiyini düşünürük. 

Bu aşıq havası ilə bağlı mübahisəli məqamlar bitmir. Daha bir təhlil isə aşıqşünas, etnomusiqişünas, aşıq-muğam sənətinin tədqiqatçısı Kəmalə Atakişiyevanındır, o, təhlilinə əsasən bu havanı “Qaraca” olaraq qəbul etmədiyini söyləyir. Aşıqşünasın fikrincə, “Qaraçı” adlandırılmağının səbəbi bu havanın ifaçılıq tərzi ilə bağlıdır. O söyləyir ki, bu hava sazın bütün pərdələrini əhatə etdiyi üçün, çalınarkən barmaqların bütün pərdələrinə toxunduğu, aşağı-yuxarı tez-tez hərəkət etməsinə görə belə adlanır. Musiqişünas bu havanın adının etnik köklə bağlı olmadığını qeyd edir. Bir sözlə, cəld ifa, əllərin sürəti musiqi ilə assosasiya yaratdığı üçün “Qaraçı” adlandırılması qənaətinə gəlmişdir. Başqa bir adı isə “El havası”dır. Bu hava rast məqamında qurulub. Daha dəqiqi, “Rast” ailəsinə aid edilən “Mahur-Hindi” muğamının “Şikəsteyi-fars” şöbəsində, aşıq deyimi ilə desək “Şah pərdə”, musiqi deyimi ilə desək isə “sol” kökündə, həm də 2/4 ölçüdə ifa olunur. Haqqında məlumat verdiyimiz havanın səhihliyi barəsində aşıq sənətinin mahir bilicisi Çingiz Mehdioğlundan qənaətbəxş informasiyalar aldıq. Aşıq Çingiz Mehdioğlu ilə yanaşı,  professor Abbasqulu Nəcəfzadə də bu faktların səhih olduğunu təsdiqləyir. Bundan başqa bu havaya “Dərvişi” də deyirlər. Bildiyimiz kimi, dərviş el-oba gəzərək dini təbliğ edər, Hz. Əli və Məhəmməd Peyğəmbərə mədhiyyələr oxuyar, sonda da bəxşişini alıb gedərmiş. Bütün bu deyilənlərdən sonra, düşünürük ki, havaya “Qaraçı” deyilməsi məcazi anlam daşıyır. Məhz elə bu ad “Dərvişi” ilə müqayisə olunaraq deyilir. Ancaq digər bir məqama da nəzər salsaq görərik ki, aşıq havasına “Qaraçı” deyilməsi bizim musiqi mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə əksiklik gətirir. Düşünürük ki, bu estetik olaraq bir ifadə kimi aşıq havasının adına uyğun gəlmir. Bir az tarixə nəzər salsaq görəcəyik ki, Qaraçı adı bədnam düşmənlərə mənsubdur. Onların isə tarixi, torpaqları, milliyyətləri olmadığı üçün dünyanın hər yerinə səpələnərək məskunlaşmışlar. Məlumdur ki, qaraçı adlı millət yoxdur. Sadəcə onlar ya erməni, ya da farslardır. Bizim ərazilərdə də məskunlaşmış, özlərinəməxsus peşə ilə məşğul olmuşlar. Havaya nəzər salsaq Azərbaycan aşıq ruhunu duya bilirik. Bu melodiya Azərbaycan aşığının təfəkkürünün məhsuludur. Buna görə də biz “Dərvişi” ilə müqayisədə el havasına “Qaraçı” deyə bilmərik və melodiyanın bu adla təbliğ olunmasını yanlış hesab edirik.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.