İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
"Vağzalı" Azərbaycan xalqının ən sevimli rəqslərindən biridir. Son dərəcə zərif, ürəyə yatan melodiya, incə, yumşaq hərəkətlər bu rəqsi xalq arasında daha geniş yaymışdır. Azərbaycanda elə bir toy olmur ki, orada vağzalının cazibədar sədası eşidilməsin.
“Vağzalı”nın tarixi çox qədimlərə gedib çıxır. Bu havanın “Kitabi Dədə Qorqud”dakı “Yelətmə” havasından gəldiyi göstərilir. Başqa sözlə, “Yelətmə” rəqsi “Vağzalı”nın ilkin növü, prototipi hesab olunur. Hətta dastanın “Qanlı qoca oğlu Qanturalı boyu”nda gəlinlərin rəqs etdiyi bu qədim havanın adı da qeyd olunur: “Ozan gəldi, “Yelətmə” çaldı. “Yelətmə”- yelləndirmə, həvəsləndirmə, coşdurma məzmunu verir.
Sonralar həmin rəqs “Atlandırma” adı ilə məşhurlaşıb. Çünki qədimdə türklər gəlini atla və faytonla aparırlarmış. Məhz bu havanın müşaiyəti ilə gəlini ata və ya faytona mindirirmişlər. “Atlandırma” adı da burdan qalıb.
Azərbaycanın milli rəqslərini araşdıran sənətşünas Rauf Bəhmənliyə istinad edərək "Vağzalı" rəqsinin mənşəyi barədə gəlin bir qədər məlumatlanaq.
XVI əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olan “Qarabağın ağırı” və yaxud “Asta Qarabağı” rəqslərinin musiqi mötivləri də “Vağzalı” rəqsində özünü göstərir.
XIX əsrin sonlarından isə rəqs “Asta Qarabağı” və “Vağzalı” adı ilə şaxələnir. Bəs “Vağzalı” adı hardan meydana çıxır? Çox güman ki, bu ad 1880-ci ildə Azərbaycanda ilk dəmiryolu (Bakı-Suraxanı-Sabunçu) xətti və 1883-cü ildə Bakı-Tiflis dəmir yolu xəttinin çəkilişi ilə bağlı olub. Bundan sonra uzaq məsafəyə yola salınan gəlinlər artıq atla, faytonla deyil, qatarla yola salınırmışlar. Beləliklə, rəqsin adı da dəyişib “Vağzalı” qoyulub. (Qeyd edək ki, bu adın meydana çıxmasını məşhur xeyriyyəsi Z.Tağıyevlə bağlayanlar da vardır).
Beləliklə, keçmişdə məşəl və atəş səsləri altında toy evinə qədər müşayiət olunan bu rəqsin ad dəyişmə sxemini belə təklif etmək olar: “Yelətmə”, “Atlandırma”, “Asta Qarabağı”, “Qarabağın ağırı” və “Vağzalı”.
Rəqsin musiqisi incə və lirikdir. Rəqsin özü insanda qeyri iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir.
S.Rüstəmov 1936-cı ildə “Vağzalı” rəqsini notlaşdırmışdır. Bu rəqs “Segah” məqamında, moderato tempində və 6/8 ölçüsün bəbəstələmişdir. “Vağzalı”nın melodiyası dinləyicidə sevinc və həsrət hisslərinin vəhdətini təşkil edir. Övladını yola salan ailə ayrılıq,hicran hissləri keçirirsə, oğlan evinin adamları isə tam fərqli (sevinç) ovqat yaşayırlar.
Vağzalı rəqsi olduqca cazibəli, qəşəng, son dərəcə lirik rəqsdir. Onu incəliklə, bir növ süzgün hərəkətlərlə oynamaq lazımdır. Amma müasir dövrdə bu melodiya toyun başlanğıcına və ya bitməsinə işarə kimi qəbul olunur. Görünür, bu, toyda səslənən şah əsər statusuna malik yeganə musiqi sayılır. Məhz buna görə də toylar “Vağzalı"dan başlayaraq, eyni musiqi sədaları altında bitir. Bəli, bu, nəhəng, şirin, demək olar ki, yer üzündə ən istedadlı və zəngin mədəniyyətə malik olan bir xalqın milli musiqisi və rəqsidir.
Bütün gənclərimizə “Vağzalı” sədalarının qismət olması diləyi ilə.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)