Tulum və ya Tulum zurnası - ARAŞDIRMA Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

İstəyirəm sizə tulum musiqi aləti barədə söhbət açım. Hansı ki, bu alətlə ilk və son tanışlığım, onda ifa edilən canlı müsiqini dinləməyim düz 24 il əvvəl bir el şənliyində olmuşdur. Həm də bir təsadüf nəticəsində. Çox qəribə, ecazkar və heyrətamiz təsir bağışlamışdı mənə.

Marağım məni bəzi araşdırmalar aparmağa sövq etmişdi. Məlum olmuşdu ki, içi boş ağacdan, qamışdan və ya digər əşyalardan düzəldilən belə nəfəsli çalğı alətləri sonralar fərqli əşyalardan düzəldilərək, uzun bir zaman yaşamış və hazırkı görüntüləri ilə zəmanəmizə gəlib çatmışlar.

Bunlardan biri də tulumdur. Tulum bizim etnik nəfəsli çalgı alətimizdir. Arxoloji tapıntılar sübut edir ki, bu çalğı alətinin tarixi çox qədimlərə gedib çıxır. Tulumun yaranma tarixi sinifli cəmiyyətin ilk dövrlərinə aid edilir. Yaranmasında insan amili ilə yanaşı, bölgənin iqlimi, flora və faunası, təsərrüfat fəaliyyəti, inancları, adət-ənənələri və s. çox önəmli rol oynamışdır. Yayıldığı coğrafiyanı öyrənəndə belə məlum olur ki, tulum, əsasən, əhalinin sıx məskunlaşdığı dağlıq ərazilərdə və yaylaq yerlərində geniş yayılmışdır. İlkin olaraqkiçikbaşlı heyvançılığın inkişaf etdiyi və qamışın bol olduğu bölgələrdə çoban çalğı aləti kimi formalaşması göstərilir.  Bunu alətin repertuarına qədim “Sayaçı mahnıları”nın daxil edilməsi də təsdiqləyir.

Səs tembri zurnanın səsinə bənzədiyi üçün bəzən ona "tulum zurnası" da deyilib. Tulum çox vaxt solo aləti kimi, bəzi hallarda isə balabançılar dəstəsində istifadə edilirdi. Havanın dəri içərisində depolanması, eyni anda iki fərqli səsin eşidilməsi onu digər nəfəsli çalğı alətlərindən ayıran başlıca özəlliklərdəndir.

         Bir vaxtlar Qərbi Azərbaycan (eləcədə Cənubi Azərbaycan), Naxçıvan, Qarabağ, Laçın, Qazax, Tovuz və Muğan ərazisində geniş yayılmışdı. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. (Naxçıvanda, Şerur rayonunda tulum zurna müşayiəti ilə ifa olunan yallılar da mövcutdur. (“Tulumu” yallısı kimi). İrfan Çalıkın “ Asos Journal”da çap olunmuş “Türkiye tulum çalğı aleti və yapısal kaynaklı icra zorluqları” məqaləsində oxuyuruq: “Tulum çalgısının yoğun olarak varlığını gösterdiği ülkelerin başında Türkiye ve Azerbaycan olduğunu söylemek mümkündür… Bunun nedeni bu çalgıya hayat veren kültürün yoğun olarak yaşanması, bu çalgıyı kullananların çokluğu ve tulum çalgısı yapım ustalarının fazla oluşudur”. Etnoqrafik araşdırmalar da göstərir ki, vaxtı ilə xalqımızın toyları, xına gecələri, köç, bayram şənlikləri (xüsusən yaylaq və Novruz şənlikləri) və digər mədəni-kütləvi tədbirlərində tulum musiqisindən  geniş istifadə edilirmiş. Bu alətdə müxtəlif havaları, mahnı (“Köçəri”, ‘Narey”, “Güley narey”) və rəqs melodiyalarını (“Loçimənə”, “Tulumu”) ifa ediblər. Ən çox el (köçəri) havaları çalıblar. Məsələn, “Yallı” kütləvi rəqsinin müşayiəti üçün 3 tulum və əl ilə vurulan bir nağaradan ibarət ansambl təşkil olunurmuş. İki və ya bir tulumda melodiyanı çalırdılar, üçüncü və ya o biri iki alətdə dəmsaz saxlayırdılar. Çox vaxt tulumda çalanlar, özləri də rəqsdə iştirak edirdilər. Tulumda digər nəfəsli alətlərdən fərqli olaraq barmaqların ucu ilə deyil, onların orta hissələri ilə çalırdılar. Ağır havaları çalarkən bütün dəliklərdən, yüngül havaları isə sol əlin iki, sağ əlin isə dörd barmağından istifadə edirdilər, ən aşağı dəliklər isə açıq qalırdı.

Onu da qeyd edək ki, tulum təkcə türk xalqları arasında deyil, fərqli adlarla (duda, sabouna, gudastviri, gajde, valınka, mezud və s.) və formalarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilmişdir. Lakin həmişə bu alətlərdə ifa olunan musiqilər meydana çıxdığı bölgənin özəlliklərini daşımışdır. O cümlədən Azərbaycanda da.

         Təmiz türk sözü olan “tulum” sözünə türkdilli xalqların ən qədim mətnlərində tez-tez rast gəlmək mümkündür. Hələ XIV əsr musiqi bilicisi A.Marağalı tulumun forması və hazırlanması barədə yazmışdı. Avropalı səyyah İosafat Barbaro Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında onun şərəfinə verilmiş ziyafəti belə təsvir edir: “Şahın hüzuruna getdiyim birinci gün şərqiçilər və çalğıçılar onun yanında idilər. Bu çalğıçıların yarım metrdən bir az çox uzunluqda alətləri olub onun incə ucunu yuxarıya doğru tutmuşdular. Bu alətdən başqa ud, kamança, çalpa və tulum da var idi”.  XVII əsr səyyahı Ö.Çələbi də öz əsərlərində tulum barədə bir sıra önəmli bilgilər təqdim etmişdir. P.Vostrikovun 1902-ci ildə Tiflisdə çap olunmuş “Azərbaycan tatarlarının musiqisi və mahnıları” məqaləsində də tulum kimi tanınan nəfəs aləti qısa təsvir olunur.

Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanırdı. Gəlin, dərinin hazırlanması texnologiyası ilə tanış olmaq üçün türk tulumcusu Murat Atacanın dediklərini oxuyaq: “Bundan yirmi, yirmi beş sene önce her evde üç, beş tane ev besisi hayvan beslenmekteydi, hayvanlar bu evlerdeki tuz, ekmek kırıntısı ve sebzelerden tüketiyordu bu yüzden en iyi deri ev besisi hayvanlardan elde edilmektedir. Dağda otlayan hayvan sürekli ot tüketmekte ve tuzdan yoksun kalmakta fakat ev besisi hayvan ahırda hem fazla yorulmuyor hem de daha iyi kilo aldığı için derisi daha kaliteli oluyor. Derisi kalın, boyu da uygun olduğu için genelde 2 yaşına girmiş keçi derisi kullanılmaktadır. Hayvan kesildikten sonra kanının kıl üzerinde bırakılmaması gerekir. Kan bittikten sonra Keçinin ayakları bilekten aşağıya doğru soyulur et kısmına gelmeden önce sağ ya da sol ayağından bir delik açılır ve pompa yardımıyla bu delik içerisinden hayvanın vücuduna hava basılır. Bu işlem sırasında hayvanın eti ile derisi arasında hava girmiş olur, daha sonra yumruk yardımıyla deri hayvandan çıkartılır ve kullanılmaya hazır hale getirilir. Hayvan üzerinden çıkartılan derinin, kandan, tuzdan, terden ve kokudan arındırılması için bol suda yıkanması gerekmektedir. Bu işlemden sonra deriye mısır unu yedirilir ve bir kovanın içinde hiç hava almayacak şekilde bekletilir. Süreç içerisinde kovada bekleyen deride ekşime meydana gelir ve tüyler deriden kolay bir şekilde arındırılır. İşlem sırasında mısır ununun kullanılmasının sebebi mısır ununun içindeki yağ özüdür. Mısır unundaki bu yağ özü deride bulunan kötü kokuyu üstüne çektiği gibi derinin kendisine de yağ bırakmaktadır. Yapılan bu işlem sonrasında deri tekrar yıkanır, daha dayanıklı ve daha sarımsı bir görünümü olması için tuz, mısır unu ve ceviz büyüklüğünde şap ile bir hafta boyunca bu karışım içerisinde tekrar bekletilir. Bir hafta sonra deri tekrar yıkanır ve asılarak kurumaya bırakılır”. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanırdı. (türk dilindən türk dilinə “tərcüməni” absurd hesab etdim).

         Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır. Qalan ikisindən birinə tuluma hava doldurmaq üçün sümükdən və ya qamışdan hazırlanmış, ağzında tıxacı olan boru,  digərinə isə aləti ifa etmək üçün iki qoşa boru (gövdə) bərkidilir.

Uzunluğu 260-280 mm olan həmin gövdələrin üzərində 7 oyuq açılır. İfaçı sol qoltuğunda tutduğu içərisi hava ilə doldurulmuş tuluğu azacıq təzyiqlə sıxmaqla havanı borulara daxil olmağa məcbur edərkən hər iki əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla istənilən səs ucalığını əldə edə bilir. Birinci boruda melodiya çalınır, ikincisində isə həmin melodiyanın tonikası saxlanılır. Aşağı ucuna isə çox vaxt camış buynuzundan boruağzı (buynuz, şapbır) keçirirlər. Bəzək üçün boruağzının kənarlarında deşiklər açıb, ora ipə taxılan müxtəlif rəngli muncuqlar asırlar.

Alətin çox çalınması və eləcə də səslərin diapazonu tuluğun sıxılması ilə tənzimlənir. Tulum təxminən öz ölçüsü boyda olan kisənin içinə salınır. Başqa nəfəsli alətlərə nisbətən tulum çətin ifa olunur. Burada tuluq və ona keçirilən musiqi alətləri arasında yaranan əlaqə ifaçıdan böyük məharət tələb edir. Buna baxmayaraq tulumun üstün cəhəti də vardır. Tulumu hava ilə doldurduqdan sonra onu bir müddət çalmaq mümkündür. Məhz bu üstünlüklərə görə də belə bir alətin yaranması zərurəti meydana çıxmışdır”. 

Qədim musiqi alətlərimiz, o cümlədən tulum ölkəmizin ərazisində yaşanmış tərəqqini izah edir, mənəvi, həm də musiqi dünyamız haqqında məlumat verir. Onu da qeyd edim ki, mənfur qonşularımız (ermənilər) digər mahnı və musiqi alətlərimiz kimi tuluma da nəfis salmışlar. Hətta bir neçə dəfə bunu özlərinin milli musiqi aləti də adlandırmışlar. Ona görə də belə musiqi alətlərimizin yaşadılmasının, heç olmasa, gənc nəsillərə onlar haqqında informasiyaların verilməsinin olduqca faydalı olduğunu zənn edirik. Nə xoş ki, bu gün Naxçıvan Muxtar Respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin bir neçəsində tulum musiqi aləti gənc ifaçılara öyrədilir. Tulumu və onun musiqisini toylarımızda, el şənliklərimizdə görmək və eşitmək arzusu ilə.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2024)

                                                                          

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.