Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri dəyişib.
Bu barədə AzərTAC-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, nümayəndə heyətinin yeni rəhbəri vəzifəsinə tanınmış aparıcı, hazırda Avroviziyada Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri olan Nurlana Cəfərova təyin olunub.
Məlumat üçün qeyd edək ki, N.Cəfərova 2006-cı ildən televiziya və radio sahəsində fəaliyyət göstərir. Əvvəllər o, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci illər ərzində Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifələrində, daha sonra İctimai Televiziyada aparıcı vəzifəsində çalışıb.
Digər dəyişikliyə görə isə İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Maksim Tsurkova yeni səlahiyyət verilib. Belə ki o, həm də Avroviziya layihəsi üzrə şirkətin baş direktorunun müşaviri vəzifəsini icra edəcək.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)