İsveçdə Azərbaycan musiqisinin xaricdə tanıdılması mövzusunda videokonfrans keçirilib

İsveçdə Azərbaycanın müasir peşəkar musiqisinin tanıdılmasına həsr olunmuş videokonfransda Avropada yaşayan 40-a yaxın musiqiçi, musiqişünas və musiqisevər iştirak edib.

AzərTAC xəbər verir ki, videokonfransı İsveçin Höteborq şəhərində yaşayan “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi təşkil edib.

Açılış nitqi ilə çıxış edən S.Kərimi konfrans iştirakçılarına Azərbaycan musiqisinin zəngin və çoxəsrlik tarixindən danışıb. O qeyd edib ki, bu barədə ilk məlumatlar arxeoloji qazıntılar zamanı aşkar edilmiş bir sıra tarixi abidələrdə, o cümlədən Qobustanın qayaüstü rəsmlərində (eramızdan əvvəl XVIII-III minilliklər) və Gəmiqayada (e.ə. III - I minilliklər), eləcə də orta əsr musiqisi haqqında zəngin məlumatları, onun janrları və alətlərini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı (VII əsr) və dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Füzulinin əsərlərində yer alıb.

Daha sonra çıxış edən bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova yaşadığı Almaniyadakı fəaliyyətindən, əsərlərinin ifa olunduğu dünyanın müxtəlif ölkələrində keçirilən festival və konsertlərdən, eləcə də rəhbəri olduğu “Bridge of Sound” orkestri haqqında danışıb.

X.Zeynalova qeyd edib ki, onun fəaliyyətinin əsas məqsədi Azərbaycan musiqisinin təbliğidir. O, alman tələbə və professor-müəllim heyətinin Qarabağ Universiteti ilə əməkdaşlığı haqqında da fikirlərini bölüşüb.

Niderland-Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova tədbir iştirakçılarını cəmiyyətin həyata keçirdiyi layihələrlə tanış edib. O bildirib: “Layihələrimizdən biri də “Sarı gəlin” mahnısını 2023-cü il ərzində müxtəlif ölkələrdə ifa edən xor kollektivi ilə bağlıdır. Bu layihənin məqsədi ermənilərin bizim musiqimizi mənimsəmək cəhdlərinin qarşısını almaq idi”.

Firəngiz Bağırova Xocalı faciəsinə həsr olunmuş “Dünya uşaqların gözü ilə” musiqi layihəsindən qürurla bəhs edib. Onun sözlərinə görə, musiqi quruluşu iki il ərzində Niderlandın müxtəlif şəhərlərində nümayiş etdirilib.

Dahi Fikrət Əmirovun tələbəsi, bəstəkar Qalib Həsən Məmmədov Norveçdəki musiqi fəaliyyətindən danışıb. Onun əsərləri Norveçin aparıcı nəşriyyatlarında çap olunur.

Videokonfransda Azərbaycan xalq mahnıları səsləndirilib, Avropada yaşayan soydaşlarımızın əsərlərindən ibarət konsertlərdən parçalar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(01.010.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.