“Les Essences” kamera orkestri Bakıda konsert proqramı ilə çıxış edib

Sentyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində tanınmış bəstəkar, Əməkdar artist Fərhəng Hüseynovun 75 illiyi münasibətilə “Les Essences” (Almaniya) kamera orkestrinin konsert proqramı keçirilib.

 

AzərTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən orkestrin bədii rəhbəri, türkəsilli skripkaçı Öndər Baloğlu Azərbaycanda səhnə aldıqları üçün şad olduğunu dilə gətirib.

 

Onun sözlərinə görə, belə möhtəşəm festivalda iştirak etmək qürurvericidir.

 

“Müəllim, ifaçı və bəstəkar olan Fərhəng Hüseynov Türkiyənin Adana şəhərinin Çukurova Universitetində simli alətlər kafedrasının müdiri olub. O, tələbələrinə skripka alətinin sirlərini öyrədib. Dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərdə müvəffəqiyyətlə çıxış edən sənətçi türk xalqının dərin məhəbbətini qazanıb. Fərhəng Hüseynov və tələbələrinin konsert çıxışlarını hazırda aramızda olan, bəstəkarın həyat yoldaşı, istedadlı pianoçu Leyla Hüseynova müşayiət edib”, - deyə Baloğlu əlavə edib.

 

Fərhəng Hüseynovun irihəcmli əsərlərindən söhbət açan ifaçı qeyd edib: “Bəstəkar Mersin Opera və Balet Teatrının sifarişi ilə ən irihəcmli əsəri “Kraliça Aba” baletini yazıb. Baletin musiqi dili Azərbaycan və türk folklorunun ritm-intonasiyalarının vəhdəti ilə diqqəti cəlb edir. Əsər Türkiyədə böyük uğur qazanaraq, antik mövzuda ilk balet kimi qəbul olunub”.

 

Konsert proqramında dahi bəstəkar, Xalq artisti Qara Qarayevin əsərlərindən musiqi nömrələri, “Sarı gəlin”, “Uzun, incə bir yoldayam” mahnıları və digər əsərlər səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.