Musiqili Teatr Brestdə uğurla çıxış edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Aysedora” (Z.Saqalov) mono tamaşası Belarus Respublikasının Brest şəhərində keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. Belarus, Danimarka, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrinin iştirak etdiyi ənənəvi festivalda ölkəmizi Musiqili Teatrın aktrisası Olqa Georgiyeva təmsil edib.

 

Bu barədə AzərTAC-a Musiqili Teatrdan bildirilib.

 

Brest Akademik Dram Teatrının səhnəsində sürəkli alqışlarla qarşılanan “Aysedora” festivalın təşkilatçıları tərəfindən laureat diplomuna layiq görülüb və həmin mükafat tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyevə təqdim olunub.

 

Qeyd edək ki, bu beynəlxalq tədbirin ötənilki layihəsində Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev münsiflər heyətinin üzvü qismində iştirak edib, eyni zamanda, Əməkdar artist Şövqi Hüseynovun ifasında Musiqili Teatrın bir çox nüfuzlu beynəlxalq teatr layihələrində mükafatlara layiq görülmüş mono tamaşası – "Utancaq qız" (F.Dostoyevski, rejissor Cənnət Səlimova) oynanılıb.

 

“Ədəbiyyat və incəsəsnət”

(17.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.