Mücirəddin Beyləqaninin yaradıcılığında musiqili məqamlar Featured

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

Əbdülməkarim Mücirəddin Beyləqaninin (1130-1194) Beyləqanda, 1130-cu ildə anadan olduğu bir çox mənbələrdə qeyd olunur. Bəzi mənbələr isə sadəcə XII əsrin nümayəndəsi olduğunu vurğulayır, doğum tarixinin tam bəlli olmadığını yazır. 

 

Atası oğuz türklərinin bayandurlar nəslindən, anası isə həbəş qızı olmuşdur. Atası Zəhra xanımı qul bazarından almış, sonra isə evlənərək özünə arvad etmişdir. Mücirəddindən soruşanda ki, haralısan o bu misralarla bildirərmiş:

 

Mənim atam türkdür, anam həbəşdir,

Təbimin alovu sanki günəşdir.

 

Elə bu misralar da deyilənləri təsdiq edir. Bəzən “türk” sözünün gözəl, “həbəş”in isə çirkin olması ilə bağlı mübahisəli məqamlar yaransa da, düşünürük ki, bu doğru təhlil deyildir. Məna etibarı ilə türkün gözəl, həbəşin çirkin olmasına bir söz deyə bilmərik. Lakin ədibin bu misralarda həmin mənaları ifadə etmədiyi doğrudur. Bəzən bu kimi fikirlərə əsasən ədibin əslən Beyləqanlı olmadığını da qeyd edənlər çoxdur. Sadəcə bu, həqiqəti əks etdirmir. 

Şair uşaq yaşından layla, oxşama və vətən nisgilli bayatılarla böyüyüb. Bayatıların vətən nisgilli olması da anasının keçdiyi həyat yolu, qul olaraq öz doğma torpaqlarından uzaq düşməsi ilə bağlıdır. Şair bədbəxt hadisə nəticəsində atasını itirmişdir. Bu dərdə dözməyən Zəhra xanım da qısa zamanda dünyasını dəyişmiş, Mücirəddin yetim qalmışdır. 

Beyləqani mədrəsə təhsili alıb. Şair 6 yaşından ərəb və fars dillərində artıq yazıb-oxumağı bilir. Müəllimlərinin məsləhəti ilə elm yolunda getmiş, şair olmuşdur. Yetim qaldıqdan sonra Şamaxı şəhərinə, Xaqaninin (1126–1199) yanına gedərək ondan şeir sənətinin dərinliklərini öyrənmiş, Fələkidən çox bəhrələnmişdir. Ustadı Xaqani onu “Mücir” deyə çağırıb. O, yazılarını bu təxəllüslə təqdim etmişdir. Şairin tanınmasında Əbul Ula Gəncəvinin (1096–1159) böyük rolu vardır. Şairi Şirvanşaha təqdim edərək, istedadı haqqında danışmış, saray şairi etmişdir. O, hökmdarlara mədhiyyələr yazmış, məliküşüarası olmuşdur. (Məliküşüara, yəni şairlər mələyi). Atabəy Şəmsəddin Eldəniz onu saraya dəvət etmiş, Mücirəddin isə Atabəyin qələbəsinin şərəfinə təşkil olunan ziyafətlərdə şəninə şeirlər söyləmişdir. Beyləqani haqqında araşdırmalar apararkən onun rübailəri, qəzəlləri, qəsidələri olmaqla yanaşı, eyni zamanda gözəl avaza sahib olması nəticəsinə gəldik. Buna misal olaraq Beyləqanda yazıb-yaratmış Asif Cəfərlinin “Mücirəddin” kitabından sitata nəzər salaq: 

 

“Mücirəddin baş əyib mərsiyyəyə başladı. Yas məclisində əyləşən əhali Mücirəddinin hər bir beytindən qüssələnib, göz yaşı axıdardılar. Yenə mərsiyyə deməsini istəyərdilər. Yas mərasimlərində, yaxından-uzaqdan yüzlərlə  insanlar iştirak edirdilər” . 

 

Bu, onun yanıqlı avaza sahib olmasının göstəricisidir. Mərsiyələrin birində kaman sözünə rast gəlsək də bu bildiyimiz alət mənasında deyildir. Həmin misraları təqdim edirik: “Möcüzə kim göstərər, atmış müəyyad aləmi, Ox necə uçun, kaman ayrıldı yaydan, getdi, at”.

 Bundan başqa qəzəllərinin birində ud ifadəsinə rast gəldik ki, bunu da bənzətmə olaraq təqdim edək: “Ud qoxulu saçların düyün-düyün görüncə mən, Dedim düyün-düyün olar daima ud gözəllikdən”. Bu misralardakı ud sözü isə xoş qoxulu ot adıdır ki, yandırarkən rayihəsi hər tərəfə yayılıb, gözəl əhval yaradır. Bu qənaətə gəlirik ki, ud çalğı aləti olaraq idiofonlu (özənsəsli) alət deyil, müqayisəli bənzətmə şəklində qeyd olunmuşdur. Ancaq Mücirəddin Beyləqaninin əsərlərində musiqili məqamlar da var ki, onlardan birində rud çalğı alətinin adı çəkilir. Bu misralar “Arzu atını çapma ki, ömür qaçağandır” adlı qəzəlindədir. Mübariz Əlizadənin tərcüməsi əsasında həmin misraları qeyd edək: 

 

Xoşhal kişi axtarma cahan içrə fələkdə- 

Şən varsa, qadındır, o da ki, rud çalandır.

 

Bildiyimiz kimi, rud qədim alətlərimizdən biridir. Simli alət olub, ud tipli alətlərə aid olunur. Hətta bu alətin V əsrdən var olduğu da bildirilir.  Əsasən saray mədəniyyətinə xas olan alət, əvvəllər yalnız barmaqla dartılaraq istifadə olunduğu, daha sonra isə elastik mizrabla çalındığı yazılır. Bu alətin adı bir çox şairlərin yaradıcılında rast gəlinir. Bunlardan Nizami Gəncəvini misal göstərə bilərik ki, o da Mücirəddin Beyləqani ilə eyni əsrdə yaşayıb-yaratmışdır. Bundan başqa Əbdülqadir Marağalının (1353–1435) da yazılarında rud alətinin adına rast gəlmək mümkündür. Yalnız diqqət etdinizsə şair burada alətin ifasını qadında daha uyğun görərək misralarında da bu şəkildə qeyd etmişdir. Belə ki, rud çalanın kişi deyil, məhz qadın olması göstərilib. 

Şairin şeirlərində musiqili məqamları axtararkən daha bir neçə nümunəyə rast gəldik. Həmin məqamları təqdim edirik:

 

Ağıllı eyş-işrətdən sipər sazlar bu anlarda,

Xüsusən indi ki, möhnət oxu vardır kamanlarda.

Gərək cəngin sədası saf şərabdan, yar zülfündən,

Zireh hazırlayaq, ta qurtaraq dövran zülmündən.

 

Yüksəlsin doqquz gözlü yanıqlı neyin səsi,

On barmaqla çalınsın, eşidilsin naləsi...

 

Ölümü həyatdan xoş bil, qarğı ol,

Diriykən qənd verir, ölüykən nəva.

 

Bildiyimiz kimi, “Nəva” şur məqamına (lad) aid edilən bir muğamdır. Nəva fars sözü olub – avaz, ahəng, musiqi səsi mənasındadır. Burada da şair həmin avazı, musiqi ahəngini vurğulayır.

XII əsr saray şairi olmuş Mücirəddin Beyləqani bu diyarın dəyərli ədibi olmaqla tarixdə iz qoymuşdur. Şairin ədəbi irsindən dövrümüzə çatan ”Divanı”ı bu gün də Təbrizdə və Britaniya muzeylərində saxlanılır. Əsərləri Ermitajda, Vatikanda, Drezdendə, Parisdə muzeylərdə sərgilənir.

Mücirəddin Beyləqani Təbrizdə şairlər qəbristanlığında dəfn olunmuşdur. 1987-ci ildə Beyləqanda şairin adını daşıyan parkda İbrahim Zeynalova məxsus memarlıq abidəsi ucaldılmışdır. Bu, əhəmiyyətli memarlıq abidəsinin ölçüsü 3 metrdir.

Azərbaycan ədəbiyyatı qədimdir, nəhayətsizdir. Hələ ta qədimdən musiqi ilə söz yanaşı olub. Bu birgəlikdən istənilən qədər danışmaq mümkündür. Beləcə görkəmli şair, işığından güc- qüvvət aldığımız Mücirəddin Beyləqaninin Azərbaycan ədəbiyyatına və Beyləqan ədəbi, musiqi mühitinə bəxş etdiyi töhvələrlə tanış olduq.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.