KLASSİK MUSİQİNİN SİMASI - Sabah Nazim Əliverdibəyovun doğum günüdür Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Klassik musiqinin tanınmış simalarından çoxunumu tanıyırsınız? İnanın ki yox. Ən yaxşı halda Qara Qarayev, Fikrət Əmirov, Niyazı…

 

Bu gün mən sizə Nazim Əliverdibəyov barədə danışmaq istəyirəm.

 

 

 

Nazim Ağalar oğlu Əliverdibəyov 1926-cı il avqust ayının 24-də Kislovodsk şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini 1938-1944-cü illərdə Bakı Musiqi Texnikumunda, sonra onillik musiqi məktəbində (indiki Bülbül adına Orta-ixtisas Musiqi Məktəbi) V.Anşeleviçin violonçel sinfində almışdır. Onillik musiqi məktəbinin buraxılış imtahanı zamanı özünün bəstələdiyi ilk pyeslərindən birini çalmışdır.

 

Daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirərək 1952-ci ildə professor Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirmişdir. Musiqinin müxtəlif janrlarına müraciət etmiş, uşaqlar üçün “Cırtdan” nağıl-operasının, “Nazxanım naz edir” musiqili komediyasının, “Muğan” xoreoqrafik lövhələrinin, iki balet süitasının, “Mingəçevir” simfonik poemasının, xalq çalğı alətləri orkestri üçün “İçəri şəhər” adlı musiqi lövhələrinin, A.Puşkinin sözlərinə “Çiçək” romanının, Hüseyn Cavidin sözlərinə silsilə romansların, çoxlu sayda kamera-instrumental və xor əsərlərinin, kinofilmlərə və teatr tamaşalarına yazılmış musiqilərin müəllifidir.

 

Onun, xüsusilə “Bayatı Şiraz” muğamının akapella xor üçün işləməsi çox orijinaldır. Nazim Əliverdibəyov Ü. Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarının klavir və partiturasının yeni redaktəsini hazırlamışdır. Hazırda bu operalar onun redaktəsi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulur. 1951-ci ildən Bülbül adına Ortai xtisas Musiqi Məktəbində nəzəriyyə və bəstəkarlıq üzrə müəllimlik etmiş, 1964-1985-ci illərdə - 20 ildən artıq bu məktəbə rəhbərlik edərək gənc nəslin musiqi-estetik tərbiyəsi sahəsində əzmlə çalışmışdır. 1960-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında “Azərbaycan xalq musiqisinin əsasları” fənnindən dərs demişdir.

 

Nazim Əliverdibəyov 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuş, respublikanın musiqi həyatında fəal iştirak etmişdir. Simli kvartet (1950), “Qəhrəmanlıq”- Simfonik orkestr üçün uvertüra (1951), Simfonik orkestr üçün Balet süitası (1956), Simfonik orkestr üçün “Rəqs suitası” (1978), violonçel ansamblı və simfonik orkestr üçün “Skertso” və “Vals” (1978) və başqa əsərləri məşhurdur.

 

Bir sözlə, o, musiqi xəzinəmizə çox şey bəxş edib.

 

Nazim Ağalar oğlu Əliverdibəyov 1985-ci il fevral ayının 17-də Bakıda vəfat etmişdir.

 

Ruhu şad olsun.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(23.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.