“Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində Litvanı təmsil edəcək mahnının seçiminə başlanılıb.
AzərTAC Litva mətbuatına istinadla xəbər verir ki, müsabiqənin ilk seçim turunda 11 ifaçı öz mahnılarını təqdim edib. Onlardan altısı növbəti mərhələyə adlayıb.
Bildirilib ki, 2001-ci ildə “Skamp” triosu ilə müsabiqəyə qatılan irland-litvalı müğənni Erika Cenninqs münsiflər heyətinin favoritinə çevrilib və siyahıda ilk yeri tutub. Onun “Back To Myself” mahnısı özünü ifadə etmək, həyat eşqi və ümidsizliyə qürurla qatlaşmaq bacarığından bəhs edir.
İfaçı Auquste Vedriçkayte “Before You're 6ft Under” mahnısı ilə ikinci yerə çıxıb. Urte Şilaqalite “Running Chords” mahnısı ilə üçüncü yeri tutub.
“Dinləyicilərə özümü necə hiss etdiyimi və elə bu an necə yaşadığımı demək istəyirəm”, − deyə müğənni Urte Şilaqalite yazdığı mahnı haqqında söyləyib.
Siyahıda 4-cü yer alan neosoul ifaçısı və bəstəkar Cozef Cun “Deadly” mahnısı ilə növbəti mərhələyə yüksəlib.
2020-ci ildə musiqi səhnəsində debüt edən müğənni Meri Mo “Get Up” mahnısı ilə 5-ci yerə çıxıb.
“İT” mütəxəssisi kimi fəaliyyət göstərən Elonas Pokaneviç “Someday” adlı mahnısı ilə siyahının sonunda yer alıb.
Qeyd edilir ki, İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində Litvanı təmsil etmək hüququ uğrunda ümumilikdə 36 ifaçı mübarizə aparır.