Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
ABŞ-da yaşayanda, o vaxt işimlə bağlı ətrafımda gənclər çox olurdu. Və bu gənclərin hamısı rep musiqisini dinləməkdən yorulmurdular. Həmin gənclər, bir gün bir məclisə məni də dəvət etmişdilər. Yeyib-içib, deyib-gülüb ancaq repə qulaq asırdılar. Məclisin ortasında gənclərdən xahiş etdim ki, mümkündürsə bir caz musiqisi tapıb səsləndirsinlər. Elə ki, cazın sədası otağa yayıldı, hamı cibindən çıxardığı telefonla məşğul olmağa başladı. Gördüm ki, aralarında narazılıq edənlər də var. Ayağa qalxıb maqnitafona yaxınlaşdım. Musiqinin səsini azaldıb dedim:
-Dostlar, görürəm ki, cazı xoşlamırsız. Axı rep küçə uşaqlarının mahnısıdır, caz isə yüksək zövqlülər üçündür. Bütün dünyada da belə qəbul olunub. Hansınız mənə izah edə bilər ki, niyə Amerika gənclərinin musiqi zövqü küçə səviyyəsindədir?
Gənclərdən biri bilirsiniz nə cavab verdi? Dedi ki, ser, sən lap atamız evdə bizə söylədiyi kimi danışdın. Caz Amerikada XX əsrdə dəbdə olub və keçmişdə də qalıb. Rep isə XXI əsrin musiqisidir. Küçə musiqisi adlandırılsa da, xalqın içindən gəlib və qısa müddətdə sevilib...
Bu hadisəni niyə xatırladım? Axı bu gün Azərbaycan repçisi Hüseyn Dərynın anım günüdür. Düz on il bundan əvvəl, 2014-cü ilin, mart ayının 15-də haqqa qovuşub. Onun vəfatından bir il, beş ay sonra ABŞ-a köçmüşük. Yəni artıq Amerikaya köçməmişdən qabaq repdən məlumatım var idi...
Hüseyn Dəryayla isə Sumqayıtda, iş adamı Mərdan Seyidbəylinin dəniz sahilindəki kafesində tanış olmuşdum. Hər axşam kafeyə gəlir, özünün bəstələdiyi rep mahnılarını oxuyurdu...
O vaxt onu narkoman sayıb bəyənməyənlərdən biri də mən idim. Amma ABŞ-da görüb tanıdığım repçilərin də narkotikdən istifadə etdiyini görəndən sonra Hüseyn Dəryaya rəhmət oxudum. Narkomaniyanın qurbanı kimi...
Allah Hüseyn Dəryanın günahlarından keçsin, ruhu şad olsun!
Onun bu repi isə ən populyar repi sayılırdı:
Nə qədər ki sağsan,
nə qədər ki vardır
dörd yanında qızlar
keyf elə!
Nə qədər ki pul var,
nə qədər ki keyf var,
nə qədər ki varsan
keyf elə!
Maraqlıdır, nə qədər ki, sağıq, kef edək. Bəs onda qurub yaratmağı, ucalmağı, xeyirxah əməllər eləməyi nə vaxta saxlayaq?
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)