Bazar günü məşhur kamança ifaçısı Mark Eliyahunun Bakı konsertidir Featured

 

Dünyaşöhrətli kamança ifaçısı Mark Eliyahu 2024-cü il fevralın 11-də - bazar günü Heydər Əliyev Sarayında çıxış edəcək. Səbirsizliklə gözlənilən gün artıq yetişdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı ticket.az-a istinadən xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısına “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərlərlə çıxacaq.

Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Milliyyətcə yəhudidir. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığı sənətini mənimsəyib.

Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

“Bakı” jurnalı yazır ki, Eliyahunun sayəsində kamança bütün dünyada tanınıb.

Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqlilikləri aşaraq dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

Biletlərin qiyməti 40-220 manat aralığındadır. 

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.