“Domates, bibər, patlıcan…” - Ondan ilk eşitdiyim mahnı Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Sovetlər dönəmində Türkiyəni bizdən uzaq salmışdılar. Etibar adlı bir jurnalistin Türkiyə sənətçiləri barədə proqramı türk musiqisi  barədə bizlərçün yeganə bələdçi idi. Və Barış Mançodan da ilk dəfə “Domates, bibər, patlıcan…” nəqarətli bir mahnı eşitmişdim və təəccüblənmişdim, eşməbığ  bir kişi pomidora, badımcana niyə mahnı oxuyur deyə. 

 

Amma zaman keçdikcə bu eşməbığ kişini hamı kimi mən də sevdim. “Hatırlasana” və “Gülpəmbə” isə ruhuma necə qida verdisə, hələ də bu mahnıları sevə-sevə dinləyirəm. 

Bu gün rok, pop və müasir türk musiqi sənətinin görkəmli nümayəndəsi Barış Mançonun anım günüdür. Barış Manço 25 il bundan əvvəl fevralın 1-də infarkt keçirib və dünyasını dəyişib.

Barış Manço 1943-cü il yanvarın 2-də Üsküdar əyalətində Konyalı Karamanco tayfasına məxsus ailədə anadan olub. Barışın üç yaşı olanda valideynləri ayrılır. Barış atasının himayəsində qalsa da, gözəl türkülər oxuyan musiqi müəlliməsi – anası ilə tez-tez görüşür. Ananın musiqi sənətinə sonsuz məhəbbəti oğlunun canına hopur. Barış Qalatasaray Liseyində oxuduğu müddətdən musiqi ilə maraqlanmağa başlayır. Bu maraq onu Belçika Kral Akademiyasına aparır. O, burada rəsm, qrafika, memarlıq sənətini öyrənərək, maddi təminatını ödəmək üçün kafedə qarson, avtoparkda qarovulçu işləyir....

Barış Belçikada Andre Soulac adlı bir şairlə tanış olur və ondan fransız dilini mükəmməl öyrənməyə çalışır. Sonra dostlar yaradıcılıqlarını birləşdirmək qərarına gəlirlər. Andre Barışın musiqisinə şeirlər yazır. Barış kiçik konsertlər verərək fransızca oxumağa başlayır. Bir gün Barışı fransız radiosu pop musiqi məzmunlu bir proqramına dəvət edir. O, öz mahnılarını radio vasitəsilə yayımlayır. Lakin Fransanın məşhur bir sənətçisi aksentlə oxuduğuna görə Barışın mahnılarının səsləndirilməsinə qadağa qoyur.

Avropadakı musiqi karyerasının bitdiyini düşünən Barış, yenidən İstanbula dönür. Uzun saçlı, qalın bığlı, dərviş çuxalı, çarxlı, qolbaqlı dərviş Barış Manço türk musiqisini rok və cazla qarışdıraraq, tamamilə yeni musiqi altında, sevimli bir səslə oxuyurdu. Onun epik mahnılarının hər birində bir əfsanə, bir insan taleyi, bir dərviş əhvalatı yatırdı. Lakin mühafizəkar Türkiyə cəmiyyəti onun qeyri-adi imicini, uzun saçlarını qəbul eləyə bilmirdi. Hətta buna görə, Barışın həyatı dəfələrlə təhlükə altında qalıb.

Barışın həyatında üç qadın olub. İlk yaşadığı xanımla Belçikada təsadüfən tapışırlar. Bir neçə ildən sonra Barış, Türkiyə gözəllik yarışmasının kraliçası seçilmiş Əzra Balkanla evlənir. Təxminən bir ildən sonra bu münasibətə də son qoyulur. Üçüncü dəfə Lalə Çağlar ilə baş-başa verib yaşayan Barış, ömrünün sonuna qədər ondan ayrılmır. Bu evlilikdən onların Batıxan və Doğuxan adlı iki oğlu dünyaya gəlir. Sənətçinin qızı olsa da, təəssüf ki, cəmi bir neçə ay yaşayıb. Barış onun adını Gülpəmbə qoyubmuş. Dərvişin "Gülpəmbə” mahnısındakı yanğı da bundan imiş!

Barış şeirləri özü yazır, musiqini özü bəstələyir, nəğmələrini özü oxuyurdu... 

Barış Mançonu dünyanın hər yerində sevirdilər. Onun oxuduğu nəğmələrdə Şərqlə Qərb birləşir, qaynayıb-qarışırdı. Barış şair idi, bəstəkar idi, oxuyan dərviş idi. Barış uşaqlar və böyüklər üçün kültür-əyləncə proqramı olan "7-dən 77-yə” adlı son dərəcə maraqlı bir verilişin yaradıcısı və aparıcısı idi. Barış "Milliyyət” qəzetində "Oku, bakalım!” rubrikası altında gündəlik həyatdan yazılar yazırdı. Barış həm də bugünkü ev-muzeyini zənginləşdirən əntiq əşyalar toplayırdı... Barış siyasətçi deyildi, heç bir partiyanın da üzvü olmayıb. Lakin bir dəfə prezident olmaq arzusunu dilinə gətirib. O, Türkiyə ictimai-siyasi həyatına yeni çalar, rəng, ritm gətirmək üçün bu arzuda olduğunu bildirib. "Xalq seçməli olsaydı, bilirəm ki, bütün Türkiyə məni seçər!” deyib.

Barış Manço 1991-ci ildə xalq sənətçisi adına layiq görülüb. Ölümündən sonra sənətkarın 18 il ailəsilə birgə Moda küçəsində yaşadığı ev muzeyə çevrilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.