“Qaya” ansamblı... Yaşlı nəsil şöhrəti bütün keçmiş SSRİ-də və bir çox xarici ölkələrdə yayılan Azərbaycanın əfsanəvi kvartetini yaxşı xatırlayır. Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev və Lev Yelisavetski həmin illərdə gənclərin sevimli müğənniləri idi və onların cəmiyyətdə populyarlığı heç də “Neftçi”nin futbolçularından az deyildi. Ötən əsrin 80-ci illərində ansamblın tərkibi dəyişməyə başladı. Musiqi kollektivinin nəzdində caz orkestri yaradıldı və “Qaya” Dövlət Estrada-Simfonik Mahnı Ansamblı adını aldı. Lev Yelisavetski və ansamblın bədii rəhbəri Teymur Mirzəyev ölkədən getdilər. Kollektivin mövcudluğuna son qoyuldu.
Həmin bakılı “dördlüyünün” solisti, Azərbaycanın Xalq artisti Rauf Babayev 2009-cu ildə rəsmi status almış “Qaya” Dövlət Caz Ansamblının nəzdində “Bəri bax” uşaq vokal ansamblını yaratdı. O, 2020-ci ildə vəfatınadək bu kollektivə rəhbərlik etdi.
AzərTAC verir ki, yanvarın 26-da Beynəlxalq Muğam Mərkəzində “Qaya” Dövlət Ansamblının konserti olub. Konsertdən əvvəl çıxış edən ansamblın direktoru, musiqişünas Turan Məmmədəliyeva qeyd edib ki, bu, kollektivin rəhbəri, Azərbaycanın Əməkdar artisti Rüfət Babayevin yarım il öncə vəfatından sonra keçirilən ilk konsertdir. Dünya musiqisinin korifeyi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası mövzusunda fantaziya haqqında danışan natiq qeyd edib ki, caz təranələri və klassik musiqinin bu sintezi vaxtilə Rauf Babayev və hazırda “Qaya” ansamblının bəstəkarı olan Nazim Əhmədov tərəfindən bəstələnib. Həmin fantaziyanın konsert ifası ilk dəfə tamaşaçılara təqdim olunub.
“Arşın mal alan”dan ariyaları çox gözəl ifa edən Cahangir Pərişani, Şölə Səfərəliyeva, Səbinə Hacıyeva, Nigar Cəlilova, Günay Əhmədova və Boris Bayramovun çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Səhnədə solistlərlə yanaşı, instrumentalçılar da var idi. Rafael Bünyadov (elektrogitara), Vaqif Əliyev (zərb alətləri), Fərrux Cəfərov (elektropiano) hələ “Qaya”nın birinci heyətinin tərkibində çıxış ediblər. Saksofonçular Fərid Mailov və Fərhad Cəfərovun, trubaçı Oqtay Rüstəmovun solo ifaları konsertin parlaq məqamlarına çevrilib.
Ansamblın ifasında xalq mahnıları və daim “Qaya”nın repertuarında olmuş Tofiq Quliyev, Vasif Adıgözəlov və başqa bəstəkarların əsərləri təqdim edilib. Konsert məşhur kollektivin vizit kartı olan “Ey həyat, sən nə qəribəsən” mahnısının səsləndirilməsi ilə başa çatıb.
Tamaşaçılar qış axşamında bayram əhvali-ruhiyyəsi bəxş edən konsert zalını uzun müddət tərk etməyiblər. Axı “Qaya” gözəl mahnılar, kədərli lirika və Azərbaycan musiqisinin əbədi əfsanəsidir.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)