Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Müsahiblərdən rəhmətə gedəni də var, fəaliyyətini davam etdirəni də.
Növbəti müsahib müğənni Gülyanaq Məmmədovadır. Ondan müsahibə1998-ci ilin mayında götürülüb.
“MÜĞƏNNİDƏ CƏNGAVƏRLİK OLMALIDIR”
Müsahibimiz Rəşid Behbudov adına Mahnı Teatrının solisti, gənc müğənni Gülyanaq Məmmədovadır.
- Gülyanaq xanım, deyilənlərə görə, sənətə gəlişiniz təsadüfi olub...
- Mən uşaqlıqdan bacım Gülyazla birlikdə müxtəlif müsabiqələrdə iştirak etmişəm, musiqini sevmişəm. Bu istək, bu arzu məni müğənni edib.
- Uşaqlıq illərinizi xatırlayanda hansı hissləri keçirirsiniz?
- Adam istəyir ki, quş olub, qanad açıb o illərə qayıtsın.
- Sizin geyiminiz, səhnə davranışınız, ifa tərziniz Zeynəb Xanlarovanın gənclik illərini xatırladır. Ona bənzəmək istəyirsiniz?
- Zeynəb xanım dünya miqyaslı müğənni, hamımızın fəxri və sevimlisidir. Buna baxmayaraq, əgər ona bənzəyirəmsə, bilə-bilə eləmirəm. Bir dəfə konsertlərdən birində ifamı dinləyən Zeynəb xanım məni axtarıb tapdı, üzümdən öpdü. Sonra Gülyaza deyib ki, Gülyanağa baxanda səhnəyə ilk gəldiyim illəri xatırlayıram. Zeynəb xanıma bənzəmək böyük bir fəxr olsa da, mən bir müğənni kimi özüm olmaq istəyirəm.
- İstedad elə ilk addımlarını atan kimi paxıllıqla, qibtəylə və bunların doğurduğu maneələrlə rastlaşır. Özünüzə qarşı belə halları hiss etmisinizmi?
- Bəlkə də, mənə qarşı qərəz göstərənlər var. Amma mən heç kəsə paxıllıq etmədiyimdən, heç kəsdən açıq-aşkar pis münasibət hiss etməmişəm.
- Siz bütün varlığınızla sanki Leyli rolu üçün doğulmusunuz: geniş diapazonlu səs, incə texnika, miniatür sifət cizgiləri və zərif qamətinizlə, elə bil ki, bu obraz üstünüzə biçilib. Nə əcəb, indiyədək Opera səhnəsində sizi görmürük?
- Özümü xoşbəxt hesab edirəm ki, bacım Gülyaz Leylini oynayır. Özümün də belə arzum var, amma istəyirəm ki, hazırda ikinci kursunda oxuduğum aktyorluq fakültəsini bitirəndən sonra Opera səhnəsində özümü sınayım.
- Heç sizi bu rola dəvət ediblər?
- Hər dəfə Gülyazın yanına gedəndə Opera Teatrının baş rejissoru Hafiz Quliyev mənə deyir ki, nə vaxt gəlirsən bizim teatra? Sonra səs-küy qalxır ki, guya məni Leyli roluna dəvət ediblər. Bəzən məni Gülyazla dəyişik salıb, konsertlərdə Leyli rolunun ifaçısı kimi təqdim edirlər.
- Bəs, həyatda necə, Leyli olmusunuzmu?
- Bəlkə də olmuşam, nə deyim...
- Kinoya dəvət almamısınız?
- İki il əvvəl “Leyli və Məcnun” film operasına həm Gülyazı, həm də məni dəvət etdilər. Gülyazın səsi ilə rolu mən oynamalı idim. Amma Gülyaz xəstə olduğundan bu arzu baş tutmadı. Leyli gözəl müğənnimiz Qəndab Quliyevanın səsi ilə canlandırıldı. Mən çəkilişdən imtina etməli oldum.
- Elə niyə?
- Mən ancaq bacıma görə çəkilişə razı olmuşdum. Bir də ki mən də bir müğənniyəm. Gülxar xanım Həsənova çox böyük zəhmət çəkib, məni Leylinin ifasına hazırlamışdı. Amma dedilər ki, Leyli rolu ancaq Opera solistlərindən birinin ifasında səslənməlidir.
- İdeal saydığınız müğənnilər varmı?
- Hörmət etdiyim sənətkarlar var: Şövkət Ələkbərova, Rübabə Muradova, Rəşid Behbudov. Hazırda mən Rəşid Behbudovun adını daşıyan Mahnı Teatrının solistiyəm.
- Mahnı Teatrına gəlişiniz necə oldu?
- Məndən əvvəl burada Gülyaz solist idi. Mən Asəf Zeynallı adına Musiqi məktəbinin birinci kursunda oxuyanda onu Opera teatrına dəvət etdilər. Gülyaz məni gətirdi Mahnı Teatrına.
- Şərq ölkəsində müsəlman mühitində qadının müğənni olması o qədər də sadə iş deyil. Bu baxımdan nə kimi çətinlikləriniz olub?
- Müğənninin gərək bir qulağı həmişə kar ola. Bədii rəhbərimiz Kamil Vəzirov həmişə deyir ki, müğənninin şöhrəti artdıqca onun haqqında gəzən söz-söhbətlər də artır.
- Sizi konsertlərdə bəzən zarafatla “Hüseynova bacıları” kimi təqdim edirlər.
- Bu ideya ilk dəfə Kamil müəllimin ağlına gəlib, Xalq artisti Ələddin Abbasovun yubileyində. Sonra Ağasadıq Gəraybəylinin yubileyində də bu zarafatdan istifadə olundu. Əvvəllər bizi gülmək tuturdu, oxuya bilmirdik. Amma çox yaxşı qarşılandı. Məncə, bu, təsadüfi deyil. “Bəxtiyar” filmində baş rolu Rəşid Behbudov oynayıb və onun adını daşıyan teatr hər ikimizin sənət taleyi ilə bağlıdır. Duetlərimizdən sonra bizi çoxları əkiz hesab edirdi.
- Siz əkiz olmasanız da, əkizlər bürcü altında doğulmusunuz. Astroloqlar əkizləri iti ağıllı, hazırcavab, tələskən, narahat, bir az da eqoist hesab edirlər. Yanılmırlar ki?
- Çoxu düz gəlir. Şeir də yazıram, gözəl xörək bişirirəm, əsəbləşməyim də var.
- Şeirlərinizdən birini deyə bilərsinizmi?
- İstəmirəm, utanıram. Amma doqquz yaşım olanda şeir üzrə respublika müsabiqəsinin qalibi olmuşam. Sevdayə adlı bir həmyerlim mənə şeir yazmışdı, o yadımdadır:
Hələ sənin yaşın azdır,
İstedadın tükənməzdir.
Nə qədər ki, ömrün vardır,
Oxu, oyna, sən Gülyanaq,
Vətənini sev, Gülyanaq.
- Sevdayənin oxumaq barədə məsləhətinə əməl edirsiniz. Oynamaq barədə məsləhətinə aktyorluq fakültəsini bitirəndən sonra əməl edəcəksiniz. Bəs, vətəni necə, sevirsinizmi?
- Azərbaycandan bircə ay kənarda olanda darıxdığımdan bilmirəm ki, nə edəm?
- Xaricdə qastrolda olursunuzmu?
- İki dədə İsveçdə olmuşam. Dünya mahnı festivalına getmişdik. Qırx ölkənin iştirak etdiyi bu festivalda ən böyük uğuru biz qazandıq. Misirdə “Azərbaycan günləri”nə dəvət olunmuşam.
- Deyirlər ki, Vətən insanın doğulduğu yerdən, dünyaya göz açdığı kənddən başlanır.
- Şəkinin kiçik Dəhnə kəndində doğulmuşam. Fikrim var ki, kəndimizdə konsert proqramları ilə çıxış edəm.
- Həmkəndliləriniz sizi toylara dəvət edirmi?
- Çox… amma getmirəm. Birinə getsəm, gərək hamısının təklifini qəbul edəm. Heç kəsin qəlbini qırmaq istəmirəm.
- Ümumiyyətlə, toylara gedirsiniz?
- Məcbur qalıb gedirəm. Cüzi məvaciblə dolanmaq olmur. Son vaxtlar məni toylara Gülyazla birgə dəvət edirlər. Toyda xaltura etməyi sevmirəm. müğənni harada olursa olsun, öz sənətini nümayiş etdirməlidir.
- Televiziyaya niyə az çıxırsınız?
- Çox çıxıb tamaşaçını bezdirmək istəmirəm. Az olsun, yaxşı olsun.
- “Az olsun, yaxşı olsun” Leninin əsərinin adıdır. Deyəsən, güclü Leninçi olmusunuz?
- (gülür) Uşaq vaxtı o qədər əzbərlədirdilər ki:
Lenin baba sağ olsun,
Dörd tərəfi bağ olsun.
- Saçlarınızı niyə son dəbdə kəsdirmirsiniz?
- Uzun saçlardan xoşum gəlir. Gözəllik sadəlikdədir.
- Özünüzü gözəl hesab edirsiniz?
- Deyirlər ki, gözələm. Əhəmiyyət vermirəm. İnsanın gərək daxili aləmi gözəl olsun.
- Əgər belə sadə təbiətlisinizsə, bəs, niyə müsahibə vermək üçün məni uzun müddət get-gələ saldınız?
- Qəzetlərdən küsmüşdüm.
- Qəzet müğənniyə nəsə verir?
- Müğənni bütün taleyini qəzetə açır.
- Bacınızın paxıllığını çəkmisiniz?
- Yaxşı oxuyanda çəkirəm, pis oxuyanda isə acığım tutur.
- Duet oxuyanda bir-birinizə üstün gəlməyə çalışırsınızmı?
- Bəli. Kamil müəllim həmişə bizə öyrədir ki, sənətdə bacı olduğunuzu unudun, yarışa girin. Müğənnidə gərək cəngavərlik olsun. Amma bizim uğurumuz da, uğursuzluğumuz da birliyimizdədir. Tək mən özümü göstərməklə bir şey çıxmaz.
- Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
- Mən çox şeyi özümlə aparmaq istəyərdim. İcazə verməsələr, getməzdim.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)