Adı bizlərə də yaxşı tanış olan tanınmış bəstəkar, Rusiya Federasiyasının Əmək qəhrəmanı, SSRİ-nin Xalq artisti, Bakıda doğulmuş Murad Kajlayev vəfat edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” “Novosti” RİA-ya istinadən məlumat verir. Dağıstanda - Mahaçqala şəhərində yaşayıb yaradan bəstəkarın 92 yaşı var idi.
Tanınmış bəstəkar çoxsaylı əsərlərin, o cümlədən baletlərin, simfoniyaların, film və teatrlar üçün musiqilərin müəllifidir.
Murad Kajlayev 1931-ci il yanvarın 15-də Bakıda tibb professorunun ailəsində dünyaya gəlib. İdmana, motosikl sürməyə böyük həvəsi olan Murad sonda seçimi musiqiyə edib.
O, Azərbaycan Dövlət Konservatoriyasında Boris Zeydman kompozisiyası üzrə sinfi bitirib, Qara Qarayevin tələbəsi olub. Dirijor Kajlayev təcrübəni maestro Niyazinin yanında keçib. Müxtəlif illərdə Dağıstan radiosunun simfonik orkestrinin baş dirijoru, Dağıstan Dövlət Filarmoniyasının bədii rəhbəri, Ümumittifaq Radio və Mərkəzi Televiziyanın estrada-simfonik orkestrinin baş dirijoru olub. 1963-cü ildən Dağıstan MSSR-in Bəstəkarlar İttifaqının idarə heyətinin sədri olub.
Murad Kajlayev Türk kinematoqrafiyasının ruslarla birgə dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında çəkdikləri “Məhəbbətim mənim, kədərim mənim” filminə bəstələdiyi ecazkar musiqi ilə xüsusən yaddaşlarımıza yazılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)