Heydər Əliyev: “Gözəl sənətkarımız çoxdur, amma Zeynəbdən gözəli yoxdur”. Featured

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış müğənni Zeynəb Xanlarovadır. Ondan müsahibə1998-ci ilin martında götürülüb.

 

“MƏNƏ BU SƏSİ VERƏN ALLAHA BORCLUYAM ”

 

“Gözəl sənətkarımız çoxdur, amma Zeynəbdən gözəli yoxdur”. Bu sözləri Xalq şairi Süleyman Rüstəmin yubiley gecəsinin sonunda Respublika Prezidenti Heydər Əliyev cənabları dedi.

 

-Zeynəb xanım, sizəqədərki müğənnilər səhnədə donuq, hərəkətsiz, statik idi. Siz rəqs elementləri, dinamizim, şənlik, şuxluqla səciyyələnən mahnı ifaçılığının əsasını qoymaqla səhnədə inqilab elədiniz. Bu, sizin səhnəyə çxdığınız 50-ci ilərin sonu, 60-cı illərin əvvəllərində elə də sadə məsələ deyildi. Belə bir cəsarətli ideya sizdə hardan yarandı?

 

-Bəlkə də, səhnədə etdiyim hərəkətlər özümün belə xoşuma gəlmirdi. Mən yeniliyi orjinallıq göstərmək, başqalarından fərqlənmək, şöhrət qazanmaq naminə etməmişəm. Bu, sanki mənim şüurumdan, iradəmdən asılı deyildi, içimdən gələn bir şey idi.

 

 

-Novruz şənliyindəki çıxışınız münasibətilə Prezidentin sizi təbrik etdiyini eşidib çox şad olduq.

 

-Prezident zəng vurub məni təbrik edəndə dedim ki, cənab Prezident, çox sağ olun ki, səbr göstərib proqrama axıracan baxmısınız. Çünki mənim çıxışım proqramın lap sonunda idi. Özünəməxsus bir zarafatla dedi ki, plovun qazmağını axıra saxlayarlar.

 

-Gəlin bir az ötən illərə qayıdaq - 60-cı illərin sonu, 70-ci illərin əvvəllərinə. O illərə ki, siz Türkiyədə dalbadal iki dəfə qastrolda olmuş və türk dinləyiclərinin böyük rəğbətini qazanmışdınız. Həmin illərdə çəkilən, Türkan Şorayın baş rolu oynadığı “Arım, balım, pətəyim” filminin qəhrəmanı müğənni Zeynəbin geyimi, saç düzümü, hərəkətləri o vaxtkı Zeynəb Xanlarovanı çox xatırladır. Bu nədən irəli gəlirdi?

 

-Məni o vaxtlar Türkiyədə artıq yaxşı tanıyırdılar. Türkan Şorayla şəklimizi hər yerdə cüt vurur və şəkillərin altında “İki sultan” sözlərini yazırdılar. Deyirdilər ki, biz bir-birimizə bənzəyirik. Konkret olaraq o film haqqında isə dəqiq bir söz deyə bilmərəm.

 

-Artıq neçə illərdir ki, səhnədə sultanlıq edirsiniz, gəzmədiyiniz ölkə qalmayıb, neçə-neçə bəstəkarla işləmiş, yüzlərlə mahnı ifa etmisiniz. Ürəyinizdə qalan mahnı varmı?

 

-(gülür) O qədər... mahnılar qurtarır bəyəm? Mahnı mənim ömrümdür, onlar qurtarsa, ömrüm başa çatar.

 

-Sizin haqqınızda Arif Qaziyevin rejissorluğu ilə çəkilən “Salam, Zeynəb” televiziya filmi çoxmilyonlu tamaşaçı kütləsi arasında vaxtilə böyük rezonans doğurmuşdu. O filmi son vaxtlar nədənsə göstərmirlər. Görəsən, televiziya son illər Zeynəbin “Salam”ını niyə almır?

 

-Bu sualı Nizami Xudiyevə (ovaxtkı Az.TV sədri –red.) vermək lazımdır. Mən kimdənsə nəyisə xahiş etməyə adət etməmişəm. Həmişə məndən xahiş ediblər. Doğrudur, deyirlər ki, indi dövran dəyişir, ancaq insan gərək dəyişməsin.

 

-Ölkə Prezidentinin sənətçilərə olan hüsn-təvəccöhündən istifadə edib hamı təntənəli yubileylər keçirir. Amma siz nədənsə yubileyinizi qeyd etmədiniz.

 

-Yubileylərini qeyd edənlər inciməsinlər, məncə, millətin bu ağır günündə yubiley yeri deyil. Mən bilirəm ki, yubiley keçirsəm, Prezident gələcək, əlavə maliyyə israfı və vaxt tələb olunacaq. İndi bizim problemlərimiz çoxdur, əhali çadırlarda yaşayır, pulun xərclənməsi üçün daha vacib işlər var.

 

-20 Yanvar şəhidlərinin ili çıxana qədər səhnəyə çıxmadınız. Çoxsaylı pərəstişkarlarınız bundan çox üzülmüşdü. Heç səhnəni tərk etmək istədiyiniz anlar olubmu?

 

-Mən səhnəni ancaq öləndə tərk edə bilərəm. Çünki səhnə mənim həyatımdır, hər şeyi səhnəyə qurban vermişəm.

 

-Siz toylara getməyən çox azsaylı müğənnilərdən biri, bəlkə də, yeganə müğənnisiniz. Səhnəyə ilk çıxan vaxtlar maddi durumunuz da o qədər yaxşı olmayıb. Nə əcəb, toylara getmirdiniz?

 

-Atama söz vermişdim ki, içki məclislərində, toylarda oxumayacam. Bu sözümə əməl edərək, indiyədək ən yüksək pul müqabilində belə bir dəfə də olsun toya getməmişəm, fikirləşmişəm ki, məndən sonra oğullarım başı uca gəzsinlər.

 

-Siz dünyada çox az müğənniyə nəsib olan bir ümumxalq sevgisi qazanmısınız. Buna necə nail ola bildiniz? Bunun sirri nədədir?

 

-Mən özümü həmişə sadə aparmışam, xalqa yuxarıdan aşağı baxmamışam. Rəsmi hökumət konsertlərində oxuduğum paltarla sadə əmək admlarının da qarşısında çıxış etmişəm. Yəqin məni buna görə sevirlər.

 

-Sənətdən uca nə var sizin üçün?

 

-Anam. Mən hər şeyi qurban verdiyim sənətimi anama qurban edərdim (kövrəlir)  Küçədə yaşamağa da razıyam, təki anam sağ olaydı. Anamın dünyasını dəyişdiyi bu beş ildə elə bir gün olmayıb ki, mən onun qəbrini ziyarət etməyim.

 

-Siz kazinoların bağlanması barədə öz səsini ucaldan, ilk deputatsınız. Amma başqa deputatlar bu məsələdə səsinizə səs vermədilər...

 

-Mənim kazinolara qarşı etirazıma dəhşətli bir hadisə səbəb oldu. Qonşuluğumuzda bir professor yaşayırdı. Onun ailəsi nələri vardısa satıb, bir maşın almışdı. Cavan bir oğulları vardı, şirnikib gedib kazinoya, uduzub. Axırda maşını qoyub qumara, onu da uduzub. Sonra da gedib özünü asıb. Neçə-neçə belə ailələr var ki, kazinolar onların səadətini məhv edib. Kazinolarda menyu göstərəndə qızların şəklini də göstərirdilər ki, hansını istəyirsənsə,  seç. Gör, müsəlmançılıq hara gedib çıxmışdı! Sağ olsun Prezidentimizi, fərman verdi, kazinolar bağlandı.

 

-Deyirlər ki, siz Bakıda bir dəfə də olsun, metro qatarına minməmisiniz...

 

-(gülür) Heç küçələri tanıyıram ki... Məni aparıb Bayılın bir yerində buraxsan, azıb qalaram oralarda. Düzü, buna görə utanıram.

 

-Gözəl, istedadlı, ünlü, sevimlisiniz... Həyatda nə ilə fəxr edirsiniz?

 

-Oğullarımın tərbiyəsi ilə.

 

-Övladlarınız nə əcəb sənətinizi davam etdirmədilər?

 

-Onların hər ikisinin musiqi istedadı var. Amma sənət dalınca getmədilər. Böyük oğlum prokuror köməkçisi işləyir, ikincisi ali təhsil alır.

 

-Şeyxlə qohum olmaq istədiyinizi deyirdilər...

 

-Bu, şaiyədir. Deyirlər guya İbrahim Tatlısəsi də mən dəvət etmişəm ki, oğlumun toyunda oxusun. Guya xaricdən taksiləri də mən gətirtmişəm. Belə şaiyələr çox olub. Yetmişinci illərdə Türkiyədə xəbər yayılmışdı ki, guya Türkiyədə olanda “türküm, türküm” dediyimə görə, Bakıya qayıdandan sonra evimdə məni tapança ilə vurublar. Moskvadan zəng etdilər, məni təcili ikinci dəfə Türkiyəyə göndərdilər ki, bunun şaiyə olduğunu orada bilsinlər.

 

-Nənə olacağınız sizi qorxutmur ki?

 

-(gülür)Yox, niyə qorxutsun ki? Təkcə “nənə” sözündən qorxuram. Mənə “nənə” desələr, gərək səhnəyə çıxmayam.

 

-Siz Sovet rejimi dövründə xarici ölkələrə saysız-hesabsız qastrol səfərlərinə gedirdiniz. Bu, indi çox sadə bir iş olsa da, o vaxtlar mürəkkəb məsələ idi.

 

-Elə bil, daxilimdən gələn bir səs həmişə necə hərəkət etmək lazım gəldiyini mənə diqtə edir və məni səhv hərəkətlərdən qoruyurdu. İmkan vermirdilər ki, bir nəfər xarici vətəndaşla, xüsusən də, türklərlə kəlmə kəsim. Moskva bizim sədaqətimizə etibar etmirdi.

 

-Əfqanıstan müharibəsi zamanı ora qastrol səfərinə getmişdiniz. Ordan qayıdandan sonra Moskva televiziyasına intervyü verdiniz, çox keçmədi ki, sənət sahəsi üzrə ən yüksək fəxri ada - SSRİ Xalq artisti adına layiq görüldünüz. Ad almağınıza baxmayaraq, müharibə zonasına qastrola getmək təhlükəli deyildimi?

 

-Məndən qabaq ora Alla Puqaçovanı, Kabzonu dəvət etsələr də, onlar getməmişdilər. O vaxt orada vəziyyət, doğrudan da, çox pis idi. Hər şey ola bilərdi. Amma mən qorxaqlıq göstərməyi özümə yaraşdırmadım, dəvət etdilər, etiraz etmədim. Konsert zamanı işıqlar qəfil söndü, qaranlıqda mikrafonsuz oxumaqda davam etdim. Rus generalları bu cəsarətimə heyran qalmışdılar.

 

-Sizə deputat kimi müraciət edənlərə kömək edə bilirsinizmi?

 

-Respublikanın hər yerindən mənə müraciət edənlər olur. Tərtərdən bir qadının oğlunu döyüş bölgəsinə göndərəndə bir həftə gecikmişdi. Buna görə oğlanı həbs etmişdilər. Ana gözüyaşlı mənə üz tutmuşdu. Ramiz müəllimdən xahiş etdim ki, oğlunu ananın göz yaşlarına bağışlasınlar. O da sağ olsun, sözümü yerə salmadı, işi xətm elədilər, oğlanı buraxdılar. Yüzlərlə belə adama kömək etmişəm.

 

-Opera səhnəsində Əsli rolunun ən yaxşı ifaçısı hesab olunursunuz. Qarabağ problemi qalxandan bəri bu əsər repertuardan çıxarılıb. Buna sizin münasibətiniz necədir?

 

-Məncə, bu əsərdə erməni keşişinin mənfi sifətləri ifşa olunur. Odur ki, bu əsəri oynamaq nəinki lazımdır, hətta vacibdir.

 

-Mahnılarınızdan birində deyirdiniz:

Gəzir ölkələri nəğməm dünyada,

Dünyanın xoşbəxti mənəm dünyada!

 

 Özünüzü yenə də dünyanın xoşbəxti hesab edirsinizmi?

 

-Xoşbəxtəm, ona görə ki, tərbiyəli övladlarım, yaxşı həyat yoldaşım var. Azərbaycan xalqının qızıyam. Heydər Əliyev kimi prezidentimiz var. Yeganə dərdim odur ki, xalq çadırlarda yaşayır, torpaqlarımızın bir hissəsi işğal olunub...

 

-Gənc müğənnilərdən ifasını bəyəndiyiniz varmı?

 

-Toylara getmək müğənniləri xarab edir. Bilirəm ki, yaşamaq çətindir, dolanmaq olmur. Amma bizim vaxtımızda da asan deyildi. Altmış manatlıq palto geymək mənim üçün böyük bir sevinc idi. Amma mən toylara getməkdən imtina edirdim.

 

-Həyatınızda ən xoşbəxt gün hansı olub?

 

-(fikrə gedir) Heydər Əliyev cənablarının yenidən hakimiyyətə qayıtdığı gün. Anamın vəfatından sonra mənim ilham mənbəyim Heydər Əliyevdir.

 

-Gələcək planlarınız barədə nə deyə bilərsiniz...

 

-Ayın 3-də Daşkəndə qastrol səfərim var. Növbəti qastrolum İsveçədir. Oradan qayıdandan sonra isə Hollandiyaya yola düşəcəyəm. Amma orada deputat kimi iştirak edəcəm.

 

-Təsəvvür edin ki, sehrli xalçaya minib başqa bir planetə uçursunuz, bir daha geri dönməyəcəksiniz. Sizə özünüzlə yalnız bir şeyi götürməyə icazə verirlər. Nəyi seçərdiniz?

 

-Anam sağ olsaydı, anamı götürərdim. Anamın dəfn olunduğu torpağı isə qoyub heç yerə getmərəm.

 

-40 ildir səhnədə sultanlıq edirsiniz. Qeyri-adi uğurlarınıza görə özünüzü kimə borclu sayırsınız?

 

-Allaha. Çünki mənə bu səsi verən odur.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.