“Heydər Əliyev İli” ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən Milli İncəsənət Mərkəzində Azərbaycan muğamı konserti keçirilib.
Ölkəmizin Meksikadakı səfirliyindən AzərTAC-a bildiriblər ki, UNESCO üzrə Azərbaycan milli komissiyası və ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin birgə təşkilatçılığı, Meksika Mədəniyyət Nazirliyi və Milli İncəsənət Mərkəzinin dəstəyi ilə keçirilən konsertdə Milli Konqresin, Senatın, dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar, elmi dairələrin, gənclər və icma təşkilatlarının üzvləri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbirdə çıxış edən ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov qonaqlara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən cari ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyi barədə məlumat verib. Diplomat Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri barədə danışıb, Ulu Öndərin ən çətin dönəmdə Azərbaycanı xaos və dərin böhrandan çıxardığını, xalqımızın taleyində misilsiz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini bildirib.
O, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib, onun təşəbbüsü ilə reallaşan dünyamiqyaslı iqtisadi layihələri nəticəsində Azərbaycan iqtisadiyyatının böyük inkişafa nail olduğunu bildirib
Tədbir iştirakçılarına, həmçinin üç il əvvəl baş verən Vətən müharibə nəticəsində torpaqlarımızın işğalına son qoyulması və 8 Noyabr - Zəfər Günü barədə məlumat verilib.
Diplomat muğamın Azərbaycanın musiqi mədəniyyətində tutduğu müstəsna rolundan danışaraq, onun 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.
Sonra çıxış edən Meksika Milli İncəsənət Mərkəzinin Baş İdarəsinin Akademik direktoru Antonio Zunyiqa Çaparro coğrafi baxımdan bir-birinə uzaq olmasına baxmayaraq, mədəniyyətin, xüsusilə də milli musiqilərimizin ölkələrimizi daha da yaxınlaşdırdığını qeyd edib, muğamın Mexiko şəhərinin ən böyük auditoriyalarının birində səsləndirilməsindən məmnunluq duyduğunu bildirib.
Sonra “Qarabağ” musiqi qrupunun rəhbəri, görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Elçin Həşimov (tarzən), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) ifasında Azərbaycan muğamının inciləri, xalq mahnıları, o cümlədən Meksika musiqi nümunəsi səsləndirilib.
Konsert Meksika mediasında geniş işıqlandırılıb.
Tədbirin iştirakçıları, həmçinin Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)