Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan musiqisinin canlı klassikidir Tofiq Bakıxanov. Bu il düz 93 yaşı tamam olur. Amma onun ömür təqvimində bir yubiley də gözlənilir bu il. Yaradıcılığının 70 illiyi.
Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun nəticəsidir.
Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, buranı 1953-cü ildə skripka ixtisası, 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə bitirmişdir.
Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır.
T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası”, “Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.
Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.
23 noyabr 1973-cü ildə Əməkdar incəsənət xadimi, fəxri adına layiq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 31 dekabr 1990-cı ildə ona Xalq artisti fəxri adı verilib. 1996-cı ildə o, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilib. 1994–2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. 7 dekabr 2000-ci ildə Şöhrət, 26 yanvar 2021-ci ildə isə Şərəf ordeni ilə təltif olunmuşdur. 1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının; 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq "Bellapais" musiqi festivallarında, Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir. 2002-ci ildən prezident təqaüdçüsüdür. Haqqında resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılmış, "Tofiq Bakıxanov" adlı televiziya filmi çəkilmişdir.
Qeyd etdik ki, qocaman bəstəkar uzun illərdir ki, Azərbaycan Milli Konservatoriyasında dərs deyir. Və bu təhsil ocağında onun yaradıcılığının 70 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu tədbirdə konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi bəstəkarın Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb
Bildirib ki, Tofiq Bakıxanovun tar və kamança üçün bəstələdiyi çoxsaylı musiqi əsərləri var: “Tofiq müəllim musiqi tariximizə böyük töhfələr verən sənətkardır”.
Musiqişünas-pedaqoq, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Tofiq Bakıxanovun əsərlərindən söz açaraq deyib ki, o, bizim üçün canlı tarixdir. Tarixin mahiyyətini bədii əsərlər daha doğru verir. Keçmiş dövrün musiqilərini də dinləyəndə tarixi faktları görürük və gizli məqamları hiss edirik. Tofiq Bakıxanovun musiqisində də bu incə detalları görmək mümkündür. “Onun “Xəzər Balladası” baleti XX əsr neft sənayesi dövründə yazılan ən dəyərli musiqi nümunəsidir. 1960-cı illərin sonunda Fransadan və digər ölkələrdən məşhur rəqs festivallarından biri üçün balet əsərləri seçməyə gəlmişdilər. “Xəzər balladası”na baxanda heyran qalmışdılar. Bu balet Parisdə rəqs festivalında nümayiş olundu və sintetik quruluşuna, mövzusuna və musiqisinə görə böyük uğur qazandı. Fransanın bir çox şəhərlərində də səhnəyə qoyuldu. Tofiq müəllim həm də bizim çox da üzdə olmayan muğam nümunələrimizi simfonikləşdirib”, - deyə Əməkdar incəsənət xadimi bildirib.
Bildirilib ki, bu gün Tofiq Bakıxanov yaradıcılığı kamillik zirvəsindədir. O, mahir ifaçı, bəstəkar olmaqla yanaşı, həm də görkəmli pedaqoqdur. Musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadimdir.
Tofiq müəllimi yaradıcılığının 70 illiyi münasibətilə təbrik edənlər ona ən xoş arzularını bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.
Bəli, mədəniyyət tariximizdə iz qoymuş Tofiq Bakıxanova gəlin 100 ilə doğru sürən ömründə 100 illik yubiley arzulayaq.
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)