Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumu başa çatıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Gülüstan” Sarayında keçirilən Musiqi Forumu oktyabrın 31-də “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” mövzusunda VI panel iclası ilə başa çatıb.

 

AzərTAC xəbər verir ki, xoreoqraf Akif Kərimlinin moderator olduğu forumun sonuncu panelində “Milli rəqs ənənələrinin qorunması və təhrif olunma təhlükələrinə müqavimət”, “Rəqs təbliğatı infrastrukturunun təkmilləşdirilməsi”, “Azərbaycanda müasir rəqs sistemlərinin tətbiq olunması: imkanlar və problemlər”, “Rəqqas peşəsinə yönləndirmə – təhsil, karyera imkanları, sosial təminat mexanizmləri”, Uşaq rəqs studiyaları, rəqs təlimi” kimi aktual mövzular müzakirəyə çıxarılmışdı.

 

İlk çıxış edən xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi Əməkdar artist Nailə Məmmədzadə rəhbərlik etdiyi tədris ocağının problemlərindən, rəqqas və balet artistlərinin sosial təminatı məsələlərindən söz açıb.

 

Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xoreoqraf, Xalq artisti Rüfət Xəlilzadə Azərbaycan milli rəqs sənətinin formalaşmasında əməyi keçmiş korifey sənətkarları yada saldıqdan sonra müasir dövrdə milli rəqs sənətinə gətirilən "yamaq" elementlər, geyimlərdəki təhriflərə diqqət çəkib. R.Xəlilzadə, həmçinin xoreoqrafiya sahəsində çalışanların 40 yaşından sonra pensiyaya çıxmalı olduğunu deyib. Bildirib ki, vaxtında göstərilməyən maddi təminat gəncləri, valideynləri rəqs sənətindən uzaqlaşdırır.

 

Baletmeyster, Xalq artisti Mədinə Əliyeva sovet dövründə balet artistləri üçün yaradılmış şəraitin bu gün bərpasına ehtiyac olduğunu söyləyib. O, Ulu Öndər Heydər Əliyevin 90-cı illərdə Azərbaycan balet sənətini tənəzzüldən qurtardığını da yada salıb.

 

Musiqişünas, dosent Rauf Bəhmənli unudulmuş rəqs melodiyalarının toplanılması, rəqslərimizin plagiat və saxtakarlıqdan qorunması üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu prosesə uşaq incəsənət məktəblərindən başlanılması məqsədəuyğun olar.

 

Balet artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Əməkdar artist Fərid İbrahimov deyib ki, Azərbaycan bəstəkarlarının baletləri dünya teatrlarında tamaşaya qoyulur, amma bizim balet artistləri problem yaşayırlar. Oğlan kadrların orduda xidmətdən sonra səhnə formasına qayıda bilməməyi ciddi problemdir. F.İbrahimov bunun üçün onların hərbi ansamblda çalışması, həmçinin Xoreoqrafiya Akademiyasında hərbi kafedranın bərpa olunması təklifini səsləndirib.

 

Xoreoqraf Nigar İbrahimbəyli orta məktəblərdə 7-ci sinfədək rəqs fənninin tədris olunması təklifi ilə çıxış edib. Deyib ki, müasir rəqs sənətinin geniş imkanları var və bu janrı milli rəqs sənəti ilə yanaşı inkişaf etdirmək perspektivli olar.

 

Sonra çıxışlar ətrafında müzakirələr aparılıb. Xoreoqrafiya Akademiyasının müəllimi Sevda Axundova, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, qocaman rəqs ustası, Xalq artisti Roza Cəlilova, bəstəkar, Əməkdar incəsənət xadimi Vüqar Camalzadə, BMA-nın tələbəsi Aytac Vəliyeva və başqaları sahə üzrə suallarını səsləndirdilər, təkliflərlə çıxış etdilər.

 

Bununla da ölkəmizdə ilk dəfə keçirilən və üç gün davam edən Musiqi Forumu başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.