Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” çərçivəsində Ürgənc şəhərində Azərbaycandan gəlmiş sənətçilərin iştirakı ilə qala-konsert təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, Agahi adına Xarəzm Dövlət Musiqili Dram Teatrında keçirilən konsertdə iştirakçılar əvvəlcə foyedə Azərbaycan tarixi, mədəniyyətinə dair sərgi ilə tanış olublar.
Konsertdən əvvəl çıxış edən Xarəzm vilayət hakiminin müavini Batır Saidov artıq ikinci dəfədir ki, Xarəzm vilayətində “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi”nin təşkil olunduğunu bildirib və bunun iki qardaş xalq arasında mədəni-ədəbi əlaqələrin daha da inkişaf etdiyinin bir göstəricisi olduğunu qeyd edib. O, bu layihəni gerçəkləşdirən Azərbaycan dövlətinə, Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. Batır Saidov bu tədbirlər və layihələr sayəsində xalqlarımızın daha da yaxınlaşdığını, bir-birlərinin mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə daha yaxından bələd olduğunu, öyrəndiyini vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” və bu layihə çərçivəsində keçirilən tədbirlər haqqında danışıb. Özbəkistanda Azərbaycan mədəniyyətinə böyük maraq olduğunu qeyd edib. Samir Abbasov, Daşkənddə başlayan, Xarəzm vilayətində gözəl təəssüratlarla və unudulmaz xatirələrlə başa çatan “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi”nin uğurla yekunlaşdığını diqqətə çatdırıb. O, bu işə dəstək verən Özbəkistan dövlətinə, Xarəzm vilayət rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” layihəsində iştiraklarına görə bir qrup azərbaycanlı sənətçi Özbəkistandakı Azərbaycan səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Fəxri diplomla təltif edilib.
Sonra konsert proqramı təqdim olunub.
Proqramda Azərbaycandan dəvət edilmiş “Simurq” muğam ansamblının üzvləri – tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva, kamança ifaçısı Elnur Mikayılov, tar ifaçısı Zəki Vəliyev və Əməkdar artist, nağara ifaçısı Kamran Kərimovun ifasında milli muğamlarımız, tanınmış azərbaycanlı saz ustası İlham Abdullayevın ifasında oyun havalarımız tamaşaçılara təqdim edilib.
Konsert tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)