Ölkəmizdə ilk dəfə keçiriləcək Musiqi Forumuna sayılı günlər qalıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində oktyabrın 29-dan 31-dək gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 29-da “Gülüstan” sarayında tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi keçiriləcək.

Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq.

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

Musiqi Forumunda iştirak etmək istəyən şəxslər oktyabrın 26-dək onlayn müraciət forması vasitəsilə (https://culture.az/musiqiforumu) qeydiyyatdan keçə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.