Bu gün Kamera və orqan musiqisi zalında şəhidlərin xatirəsinə həsr olunan musiqi gecəsi keçiriləcək

Bu gün Kamera və orqan musiqisi zalında şəhidlərin xatirəsinə həsr olunan orqan musiqisi gecəsi keçiriləcək. Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.

 

Sözügedən musiqi gecəsinin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovadır. Dinləyicilər qarşısında beynəlxalq müsabiqələrin laureatları olan solistlər Nigar Məmmədova (orqan), Şəfəq Abdullayeva (orqan), Sevinc Mirzəli (kamança), Aydın Əliheydər (orqan) və Fidan Rəşidova (orqan) çıxış edəcəklər. Çıxışlar arasında orqan və kamançanın qeyri-adi duetinin səslənəcəyi gözlənilir.

“Biz ölkənin faciəvi hadisələrinin doğurduğu bütün kədəri – şanlı döyüşçülərimizin itkisini musiqi vasitəsilə çatdırmağa çalışırıq. Bu duyğuları Bax, Frank, Qara Qarayev, Vasif Adıgözəlovun dramatik əsərləri ilə ifadə etmək mümkündür. Bütün sənət növlərindən yəqin ki, insanların ruhi vəziyyətinə ən çox təsir edən janr məhz musiqidir. Orqan musiqisi isə böyük təsirə malikdir, çünki bu alət simfonik orkestri əvəz edir”, - deyə bədii rəhbər mediaya açıqlama verib.

O, Azərbaycan milli çalğı alətlərinin orqan musiqi aləti ilə duetlərdə tez-tez istifadə edildiyini qeyd edərək, bu cür musiqi təcrübələrinin auditoriyada hansı emosiyalar yaratdığından söz açıb.

“Tamaşaçılar bu cür konsert nömrələrini çox yaxşı qarşılayırlar. Əcnəbilər belə duetlərə xüsusi maraq göstərirlər. Konsertlərimiz həmişə izdihamlı salonlarda keçirilir. Kamançaya gəldikdə isə o, orqan musiqisi ilə birlikdə gözəl səslənir. Əsas olan alətlərin bir-birini boğmaması üçün registrlərin düzgün seçilməsidir, çünki hətta kiçik kamança da orqanın səsini boğmağa qadirdir”, - deyə Tahirə Yaqubova vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.