Könül, “Ədəbiyyat və incəsənət”
Aylar öncə mən sizə “Simurq” layihəsi barədə məlumat vermişdim. Müəllifi tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə olan layihənin başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir. Belə nəcib təşəbbüs də alqışlanmağa dəyər.
Budur, ötən gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Simurq” layihəsi çərçivəsində növbəti konsert təşkil olundu. Və dirijor Cavad Tağızadənin rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solistlər - violin ifaçıları Evgeniya Epşteyn (İsrail - Xorvatiya), Surə Rüfət, Zeyn Cəfərov, Özcan Cabbari, Osman Mustafazadə, Kənan Məmmədzadə, Qədir Günəşov, Xədicə Gözəlova, Nəzrin Hüseynova, Aydan Hacıəhmədova, Fəridə Abbaszadə, Yulia Motorina və Renata Abubəkirova öz ifalarını dinləyicilərə təqdim etdilər. Proqramda Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri səsləndi.
Və əminliklə deyirəm ki, bu ifaçılar slrasından da ən azı bir ulduz qopub səmada parlayacaq.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)