Əfsanəvi ifaçı Tomas Anders Bakıya gələcək

Oktyabrın 14-də Heydər Əliyev Sarayında əfsanəvi “Modern Talking” qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders konsert proqramı ilə çıxış edəcək.

 

Daim özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən alman pop ifaçısı öz repertuarında olan unudulmaz mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək.

Qeyd edək ki, 1963-cü ildə Almaniyanın Koblenz şəhərində alman və italyan əsilli ailədə anadan olan Tomas Anders uşaqlıq illərində gitara və fortepianoda ifa etməyi öyrənib. O, 1979-cu ildə "Radio-Lüksemburq" yarışmasının qalibi olub. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxır. 1984-cü ildə isə T.Anders həmkarı Diter Bolen ilə tanış olur. Bəstəkar və prodüser D.Bolen özünün "Was macht das schon" adlı mahnısını T.Anderslə birgə ifa edir. 1983–1984-cü illərdə musiqiçilər "Wovon traumst du denn" adlı alman dilində 5 sinqldan ibarət albom buraxırlar. Sonra 1984-cü ildə musiqiçilər “Real Life” qrupunun "Catch me İ`m falling" hit mahnısı üzərində işləyirlər. Onlara məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" hiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız "Formel Eins" proqramından sonra əsl populyarlığına qovuşur. Sinql əvvəlcə alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı “Modern Talking” olur. Bir müddətlik uğurlu birgə fəaliyyətdən sonra, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Bir xeyli müddətdən sonra, 1998-ci ildə "Modern Talking" yenidən bir araya gəlir, lakin 2003-cü ildə qarşılıqlı razılıq əsasında növbəti dəfə ayrılırlar. 2003-cü ildən etibarən Tomas Anders öz solo karyerasına başlayır və yenidən böyük məşhurluq qazanır.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.