Tanınmışların konserti, yubileylər, gənclərə güvən, abonent konsertlərinin bərpası…

Filarmoniya yeni mövsümün anonsunu etdi

 

Azərbaycan Dövlət Akademik Filarmoniyası növbəti yaradıcılıq mövsümünün açılışına hazırdır. Filarmoniyanın mediaya təqdim etdiyi məlumatdan “Ədəbiyyat və incəsənət” portalı əsas məqamları diqqətinizə çatdırır:

 

Sentyabrın 19-da filarmoniyanın yay zalında Azərbaycan kinematoqrafiyasının 125 illiyinə həsr olunmuş konsert təşkil ediləcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orqan musiqisi zalında müxtəlif konsertlərin və yaradıcılıq axşamlarının keçirilməsi nəzərdə tutulur.

Filarmoniyanın səhnəsində tanınmış bəstəkarların bir sıra tədbirləri və yaradıcılıq gecələri təşkil ediləcək. Onların arasında Azərbaycanın Xalq artisti, bəstəkar Vasif Allahverdiyevin 60 illiyi, Azərbaycan Xalq artistləri Tofiq Bakıxanovun və Nəriman Məmmədovun yaradıcılıq gecələri, görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş fortepiano axşamı, Xalq artisti Eldar Mansurovun yaradıcılıq gecəsi, violonçelçi Sabir Əliyevin 95 illiyi ilə bağlı tədbir, İlyas Mirzəyevin 60 illiyinə və Fərəc Qarayevin 80 illiyinə həsr olunmuş yaradıcılıq axşamları var. 

Həmçinin xarici ifaçıların və tanınmış musiqi kollektivlərinin iştirakı ilə konsertlər də nəzərdə tutulub. Fransada yaşayan soydaşımız, Azərbaycanın Əməkdar artisti, Fransanın Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva öz çıxışı ilə klassik musiqi həvəskarlarını sevindirəcək.

Filarmoniya innovasiyalara həmişə açıqdır, gənc ifaçıları da yaddan çıxarmır. Təcrübə və müasirliyin sintezinə əsaslanan layihələrin həyata keçirilməsi zamanı səhnə həmişə yaradıcı gənclərin ixtiyarına verilir.

Gənc və istedadlı ifaçılara və bəstəkarlara öz yaradıcılıqlarını böyük səhnədə nümayiş etdirmək imkanı verən layihələrdən biri “Gənclərə dəstək” adlanır. Layihənin ideya müəllifi filarmoniyanın direktoru, Azərbaycanın Xalq artisti Murad Adıgözəlzadədir, koordinatoru isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.

Layihənin əsas məqsədi ölkədə gənc istedadların aşkar edilməsi və dəstəklənməsi, dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafı, musiqi maarifləndirməsi vəzifələrinin həllinə yönəlmiş proqramların həyata keçirilməsi və musiqiçilərimiz arasında hüquqi biliklərin formalaşmasıdır. Bu layihə çərçivəsində konsertlər ölkəmizin müxtəlif səhnələrində təşkil edilir.

2017-ci ildən bu layihənin iştirakçıları hər il ölkəmizin ən mənzərəli guşəsində keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək imkanı əldə edirlər. Xüsusən, bu ilin iyulunda keçirilmiş XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında sözügedən layihə çərçivəsində tamaşaçılara gənc istedadların iki konserti təqdim edilib.

Daha bir maraqlı və mühüm yenilik Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yeni adlar” layihəsidir. Bu layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanıdılmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən və böyük sevgi ilə ifa edən gənclərin üzə çıxarılmasına xidmət edir. Gənc ifaçılar filarmoniyanın səhnəsində tanınmış dirijorlar və bədii rəhbərlər – Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun, Mustafa Mehmandarovun, Orxan Həşimovun, Xalq artisti Ağaverdi Paşayevin və Əməkdar artist İlahə Hüseynovanın idarə etdikləri Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə çıxış edəcəklər. Yeni mövsümdə tamaşaçılar üçün çox maraqlı proqram hazırlanıb.

Bakılılar və paytaxtın qonaqları üçün daha bir sürpriz abonement konsertlərinin bərpasıdır.

Uzun fasilədən, 2022-ci ilin noyabrından sonra filarmoniyanın Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi abonement konsertləri yenidən başlayır. Konsertlər hər şənbə günü saat 15:00-da kamera və orqan musiqisi zalında keçiriləcək. Bu konsertlərdə müxtəlif kollektivlər rəngarəng proqramlarla çıxış edəcək.

Bir sözlə, Azərbaycan Dövlət Akademik Filarmoniyası yolunuzu gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.