Tarına bülbül qonan sənətkar - Azərbaycanın ilk xalq artisti o olub! Featured

 

Azərbaycanın Qarabağ bölgəsinin mahir tar ifaçıları barədə belə bir deyim var, “o ifa edəndə tarına bülbül qonur”. Bax belə bir ifaçılardan biri də Xalq artisti, əfsanəvi tarzən Qurban Pirimovdur ki, bu gün onun anım günüdür.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün tanınmış tarzən Qurban Pirimovun vəfatından 58 il ötür.

Azərbaycan musiqisi tarixində özünəməxsus yeri olan Qurban Pirimov 1880-ci ilin oktyabr ayında Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, məşhur aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş yaşında ikən müəllimi, müasir Azərbaycan tarının yaradıcısı Sadıqcanın xeyir-duası ilə Qarabağ toylarında seçilən xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tarda ifasını bəyənib və onu özünə tarzən götürüb.

1905-ci il gənc tarzən üçün uğurlu olub. Belə ki, Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib. Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. 

Arxivlərə nəzər yetirəndə Şuşinskinin  xatirələrində onu belə yad etməsi diqqət çəkir:

“Qurban Pirimovu sonuncu dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, "Rahab" ifa edirdi. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən "Rahab"ı 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni üç dəfə səhnəyə dəvət etdilər”. 

Razılaşın ki, adətən qısa olan musiqi nömrələrinə alışmış dinləyici 23 dəqiqə bir ifanı nəfəs dərmədən dinləyirsə, bu çox şey deməkdir. 

Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl bir insan olduğunu xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi qoruyun. Qurban Pirimov haqlı idi. Bizləri heyrətə salan, möcüzələr yaradan məhz həmin əllər idi. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi.

Tarzənlər bu gün böyük sənətkarın yolunu davam etdirərək öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə desək, "öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun".

Azərbaycan SSR xalq artisti fəxri adını ilk dəfə məhz məşhur tarzən Qurban Pirimov alıb. Tarzənin 1931-ci ildə aldığı fəxri ad Azərbaycan mədəniyyətində ilk idi. Həmin ildən sonra II Dünya Müharibəsi başlayana qədər bir neçə mədəniyyət xadimi bu mükafata sahibləndi: 1932-ci ildə Hüseynqulu Sarabski ilə Hacıağa Abbasov, 1933-cü ildə aktyor Mirzağa Əliyev Azərbaycan SSR xalq artisti adını qazandılar. 
Ümumiyyətlə, Azərbaycanda hər il əsasən, bir, maksimum isə, iki mədəniyyət xadiminə bu mükafat verilirdi. Ona görə də, 1934-cü ildə Şövkət Məmmədova, 1935-də Cabbar Qaryağdıoğlu, 1936-cı ildə Abbas Mirzə Şərifzadə və Mərziyyə Davudova, 1937-ci ildə isə böyük Üzeyir bəy Hacıbəyli Azərbaycan SSR xalq artistləri oldular. 

Ustad sənətkar Qurban Pirimov 1965-ci il avqustun 29-da Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.