Azərbaycan Həştərxanda keçirilən beynəlxalq festivalda uğurla təmsil olunub

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Həştərxan vilayətində tarzən Arslan Növrəsli və onun “Ethno-jazz” qrupu “Kaspiyskie sezonı” adlı klassik incəsənət üzrə beynəlxalq festival çərçivəsində keçirilən “Azərbaycan günü”ndə ölkəmizi uğurla təmsil ediblər.

AzərTAC xəbər verir ki, festival Xəzəryanı dövlətlər arasında humanitar sahədə mədəni dialoq və əməkdaşlığın inkişafı üçün səmərəli layihəyə çevrilmək məqsədi daşıyır.

Azərbaycan çağdaş tar ifaçılıq sənətinin təmsilçisi Arslan Növrəsli və onun “Ethno–jazz” qrupunun (tarda Arslan Növrəsli, pianoda Nicat Aslanov, bas gitarada Səlim Məmmədov, zərb alətlərində Həsən Bilalov) Həştərxan Dövlət Filarmoniyasında keçirilən konserti böyük maraqla qarşılanıb. Repertuara daxil edilən nömrələr həm klassik caz standartları, həmçinin Azərbaycan bəstəkarlarının əsərlərinin mövzuları əsasında yazılmış kompozisiyalardan ibarət olub.

Qeyd edək ki, gecənin xüsusi ifası “Ay Laçın” xalq mahnısı ölkəmizin işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 26 avqust “Laçın Şəhəri Günü” kimi qeyd olunması ilə əlaqədar repertuara daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.