Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Zəfər Gününə həsr olunmuş uşaq və gənclər arasında hərbi yaradıcılıq kollektivlərinin “Azərbaycanın Zəfəri” adlı Respublika festivalının qaliblərinin mükafatlandırılması mərasimi və qala-konsert keçirilib.
AzərTAC xəbər verir ki, festivala Bakı şəhəri və respublikamızın regionlarından solo, duet, kollektiv olmaqla vokal, xor, xoreoqrafiya, hərbi ansambl nominasiyaları üzrə 500-ə yaxın iştirakçı müraciət edib. Ümumilikdə, əsasnamədə qeyd olunan texniki tələblərə cavab verən 104 videoçarx finala vəsiqə qazanıb. Göndərilən 104 videoçarx arasından 40-ı münsiflər heyəti tərəfindən seçilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən qala-konsertdə Bakı şəhəri və regionlardan 152 nəfərdən ibarət 12 kollektiv – Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən “Cücələrim” ansamblının Qavaldaş nağara ritm qrupu, Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi, Bakı şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının vokal qrupu, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbi, Ağdam şəhər Xan Şuşinski adına Uşaq Musiqi Məktəbi, Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi, Samux Uşaq İncəsənət Məktəbi çıxış ediblər.
Qala-konsert 200-ə yaxın festival iştirakçılarının və qonaqların iştirakı ilə keçirilib.