“Ədəbiyyat və incəsənət” portalı Bəhram Bağırzadəyə istinadən məlumat verir ki, iki ay ərzində böyük azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin şərəfinə paytaxtın “İçərişəhər” metro stansiyasının yaxınlığında abidə ucaldılacaq.
Xatırladaq ki, bu təşəbbüslə “Bakılı oğlan” Bəhram Bağırzadə illər öncə çıxış etmiş, mövzunu ictimailəşdirmiş, yuxarı instansiyalara müraciət ünvanlamışdı.
2019-cu ilin mart ayında Prezident İlham Əliyevin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Bəhram bir daha bu məsələni qaldırmışdı. Görüşdə çıxış edən aktyor digər görüş içtirakçılarından fərqli olaraq şəxsi xahiş əvəzinə Tağıyevə abidə qoyulması xahişini etmişdi: “Bu gün mən problemlər haqqında danışmaq istəmirəm. O demək deyil ki, mənim problemlərim olmayıb. Müəyyən həyat məqamlarında problemlər olub, onları, şükür Allaha, Siz həll etmisiniz, istər 1995-ci ildə, istərsə də 2000-ci ildə. Özünüzün də xəbəriniz olmayıb, amma ətrafınızda olan insanlar mənim bütün problemlərimi həll ediblər. Ona görə mən sizə dərin təşəkkürümü bildirirəm. Fürsət olmamışdı, bu gün xalqımın qarşısında bunu edirəm. Bir tərəfdən də, bilirsiniz, mənim “Instagram” və “Facebook” səhifələrimdə yarım milyona qədər izləyicim var. Bu günləri mən onların qarşısında çıxış etməliyəm, sözümü deməliyəm. Onlar mənə sual verəcəklər ki, Allah-Təala sənə fürsət yaratdı, cənab prezidentən nə xahiş etdin. Azərbaycan Respublikasının vətəndaşı kimi, Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir. Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsa 10 milyonluq xalq Sizə həmişə dua edəcək. Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm. Hacı Zeynalabdin Tağıyev faytonda oturacaq və Siz hər dəfə səhərlər işə gedəndə onu orada görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı”.
Bu təklifə müsbət yanaşan ölkə başçısı özü də maraqlı açıqlama vermişdi: “Mənim babam Əziz Əzliyev oxumaq üçün Hacı Zeynalabdin Tağıyevə məktub yazıb. O zaman babamı heç tanımadığı halda Hacı Zeynalabdin məktuba müsbət cavab verib. Nəticədə babam Sankt-Peterburqda gedib təhsil alıb”.
Bağırzadənin təşəbbüsünü Heydər Əliyev Fondu da dəstəkləmişdi. Bəhram Bağırzadəyə abidənin İşərişəhər ətrafında ucaldılacağı vədi verilmişdi. Müsabiqə elan edilmiş, xalq rəssamı Xanlar Əhmədovun eskizi bəyənilmişdi.
2,3 metr hündürlüyündə olacaq abidənin (onun postament üzərində olub olmayacağı hələ dəqiqləşdirilməyib) sentyabrın ilk gününədək ucaldılacağı barədə məlumatı da Bəhram Bağırzadə Heydər Əliyev Fondu rəsmilərindən almışdır.
Əlbəttə ki, bu çox sevindirici xəbərdir, Azərbaycan tarixində xalqına ən çox fayda vermiş şəxslərdən biri olan, Bakı və bakılılar üçün heç nəyini əsirgəməyən Hacı Zeynalabdin Tağıyevin xatirəsinin heykəl şəklində əbədiləşdirilməsi vacibdir. Keçmişinə ehtiram göstərən xalqın sabahı işıqlı olar.