İlk peşəkar qadın rəssamımızı unutmadıq Featured

Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 107 ili tamam oldu

 

Azərbaycandan çox məşhur rəssamlar çıxıb.  Əzim Əzimzadə, Bəhruz Kəngərli, Tahir Salahov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Cavad Mircavadov, Sakit Məmmədov… Bu sırada bir qadın ismi də var, Maral Rəhmanzadə. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Dövlət mükafatı laureatı  olan Maral Rəhmanzadənin ötən gün anadan olmasının 107-ci ildönümü tamam oldu. 

Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.

1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib. İnstitutu bitirdikdən sonra Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlib. 1941-ci ildə rəssamın atası “xalq düşməni” elan olunub, altı aydan sonra Daşkənd həbsxanasında vəfat edib. M.Rəhmanzadə Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətini davam etdirib.

Rəssamın “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt–Rustavi” və digər əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş olunub. O, əsərlərində doğma diyarın misilsiz gözəlliyini – əzəmətli Naxçıvan dağlarını, bol bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.

M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. O, qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.

İstedadlı rəssam kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərib, bədii əsərlərə illüstrasiyalar çəkib. M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.Puşkinin “Yevgeni Onegin” və M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların müəllifidir. M.Rəhmanzadə səfər etdiyi xarici ölkələrin həyatından silsilə qravürlər yaradıb.

Əsərləri xarici ölkələrdə incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri açılıb. “Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.

M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.

Rəssam 2008-ci il martın 18-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.