Xalq rəssamı Fazil Nəcəfov vəfat edib

 

Azərbaycanın mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Xalq rəssamı Fazil Nəcəfov 88 yaşında vəfat edib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Fazil Nəcəfov 1935-ci il fevralın 16-da Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib. 

Fazil Nəcəfov “İçərişəhər qadınları”, “Ana”, “Korların nəğməsi”, “Teatr”, “Səhər”, “Həyatın mərtəbələri”, “Zamanın oyunları”, “Fortuna”, “Qulyabani”, “Qoca”, “Qız”, “Gənc qadın”, “Mələk”, “Həyatın mərtəbələri”, “Söhbət”, “İstirahət edən qoca”, “Minillik insan”, “İbadət”, “Əkizlər”, “Fontan” və digər əsərlərin müəllifidir.

2014-cü ildə Fazil Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb. O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib.

Fazil Nəcəfov 1988-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə isə Azərbaycanın Xalq rəssamı fəxri adlarına layiq görülüb. Rəssam 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.