İyunun 23-də Portlenddəki (ABŞ) Oreqon Müasir İncəsənət Mərkəzində Azərbaycanın Əməkdar mədəniyyət işçisi və rəssam Sürəyya Muğanlının "İlkinliyin itməyən işığı” adlı fərdi sərgisi açılacaq.
AzərTAC xəbər verir ki, sərginin kuratorları Ta(r)dino 6 art-platformasının həmtəsisçiləri Əsli Səmədova və Azad Asifoviçdir.
Ə.Səmədovanın sözlərinə görə, rəssamın xaricdə ilk fərdi sərgisini keçirmək ideyası ötən ilin payızında ABŞ-da CEC ArtsLink International Fellowships rezidenturasında olarkən yaranıb.
“Mən Portlend, Los-Anceles, Vaşinqton və Nyu-Yorkda bir çox müasir incəsənət institutlarında olmuşam və həmyerlilərimin əsərlərini amerikalı həmkarlarıma təqdim etmişəm. ABŞ-da əsasən Portlenddə qalmışam və burada Müasir İncəsənət İnstitutunda (PICA) təcrübə keçmişəm. Bundan əlavə, 2022-ci ilin oktyabr ayında Oreqon Müasir İncəsənət Mərkəzindən olan amerikalı həmkarlarım mənim mühazirəmi və “The Success Story of Remaining Invisible: Two Truths and One Lie” adlı Azərbaycan rəssamlarının üç nəslin nümayəndələrinin iştirakı ilə eksperimental sənədli filmin nümayişini təşkil ediblər. Film məşhur “team building” oyununa əsaslanır. O, dərhal cavablar vermir və real, uydurma hekayələr arasındakı sərhədi silir. Bu filmin qəhrəmanlarından biri də Sürəyya Muğanlı olub”, - deyə kurator vurğulayıb.
Bildirilib ki, sənətkarın özünəməxsus həyat hekayəsi və səmimiliyi dərhal yerli tamaşaçıların diqqətini cəlb edib: "Sürəyya Muğanlının hekayəsi doğrudan da heç kəsi biganə qoya bilməz. O, Azərbaycanın Saatlı rayonunda doğulub yaşayan, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əsasını qoyan və idarə edən, psixodelik aspektli introspektiv qrafika əsərləri yaradan rəssamdır. Sürəyyanın əsərlərində Cənubi Qafqaz mifologiyasına istinadlar, Asiya və Cənubi Amerikanın bütpərəst inanclarından ilhamlanan vizual sitatlar var. Ta(r)dino 6 2024-cü ildə İçərişəhərdəki məkanında Sürəyya Muğanlının fərdi retrospektiv sərgisini açmağı planlaşdırır. İndi biz fəal şəkildə maliyyə axtarışındayıq və ümid edirik ki, Sürəyya Muğanlının yaradıcılığına olan böyük kütlənin marağı və xaricdə ilk fərdi sərgisi kimi əlamətdar hadisə Azərbaycandakı layihəmizə diqqəti cəlb edəcək".
Qeyd edək ki, 2019-cu il fevralın 1-də yaradılmış Ta(r)dino 6 art-platforması beynəlxalq əhatəli Bakı təşəbbüsüdür. 2021-ci ildə platforma QHT statusu alıb. Fəaliyyət göstərdiyi dörd il ərzində platforma İtaliya, Türkiyə, Fransa, Almaniya, Gürcüstan, Ukrayna və ABŞ-da uğurla tədbirlər keçirib. Müstəqil platformanın əsas məqsədi təkcə Azərbaycandan deyil, həm də Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyadan olan rəssamlara dəstək olmaqdır. Beləliklə, 2022-ci ildə Ta(r)dino 6 art-platforması “IZOLYATSIA. Platform for Cultural Initiatives” ilə ortaq səyləri sayəsində Ukraynada yeddi mədəni təşəbbüsü maliyyələşdirib. Bundan əlavə, tərəfdaşlar "Arles Contemporaines" fotofestivalı çərçivəsində Arlesdə fotoqraf Aleksandr Çekmenevin “Citizens of Kyiv” adlı sərgisini təşkil ediblər.
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)