Yox, Pikasso fransız deyil, ispandır, o, 1881-ci il oktyabr ayının 25-də İspaniyanın Malaqa şəhərində anadan olub. Pablo Pikasso rəssamlığı atası X.Ruisdən öyrənib. Təhsilini artırmaq üçün La-Korunya, Barselona və Madrid şəhərlərində Zərif sənətlər məktəbində oxuyub, 1904-cü ildən isə Parisdə yaşayıb. Yaratdığı əsərlərdə realizmin zəngin və rəngarəng qaynaqlarına əsaslanan Pikassonun yaradıcılığı mürəkkəb, ziddiyyətli və eyni zamanda çoxcəhətli olub. Müxtəlif dövrlərdə yaratdığı əsərlərdə o, həm ekspressionizm, həm neoklassizm, həm kubizm, həm sürrealizm cərəyanlarına istinad edib. Pikasso yaradıcılığı əsasən iki dövrə - “mavi” və “çəhrayı” dövrlərə ayrılır. “Mavi dövr” (1901-1904) tablolarında rəssam əsasən mavi, göy, yaşıl rəng çalarlarından, “Çəhrayı dövr” (1905-1906) tablolarında isə çəhrayı qızılı, çəhrayı-boz koloritdən istifadə edib Bu əsərlərdə cəmiyyətin ictimai ziddiyyətləri ilə qarşılaşan insanların psixoloji aləmi təsvir olunurdu. “Dilənçi qoca oğlan ilə” (1903), “Şar üstündə dayanmış qız” (1905) kimi əsərlərində zavallı insanların həyatına xas olan tənhalıq motivləri əsas yer tuturdu. 1910-cu ildən başlayaraq Pikasso neoklassizm və realizm üslubunda yaratdığı əsərlərdə lirik motivlərə geniş yer verməyə başlayıb. “Üç qadın bulaq başında”, “Ana və Körpə” əsərləri bu üslubda işlənən əsərlərdir. Pikasso İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatına qoşulub, müharibədən sonrakı illərdə isə daim sülh və demokratiya uğrunda mübarizə aparıb. Onun mütərəqqi, humanist görüşləri əsərlərində də öz əksini tapıb. “Gernika”, “Sülh”, “Müharibə” əsərləri sülh uğrunda mübarizə rəmzinə çevrilib. Onun ən məşhur əsəri isə 1947-ci ildə şəkdiyi, bütün dünyada sülhü tərənnüm edən “Sülh göyərçini” taplosudur.
Pikasso kommunist meyillərinə də uymuşdur, SSRİ-yə səfər etmişdir. Mürəkkəb yaradıcılıq yolu keçmiş rəssam 1950-ci ildə “Beynəlxalq Sülh mükafatı”, 1962-ci ildə “Xalqlar arasında sülhü möhkəmləndirməyə görə” Lenin mükafatı laureatı olmuşdur.
Pablo Pikasso 1973-cü il aprel ayının 8-də Fransanın Mujen şəhərində vəfat etmişdir. Madriddə Pikassonun abidəsi və adına meydan vardır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısındadır.