Heydər Əliyev İrsi Festivalı çərçivəsində heykəltaraşların vorkşopu təşkil olunub
Mədəniyyətdə və elmdə bir termin var, vorkşop. Qulağınıza dəyibmi bu söz?
Müasir pedaqoqikada vorkşop özlüyündə məktəb və məktəbdənxaric təhsil üçün bol material mənbəyini ehtiva edir ki, diqqət mərkəzində praktiki və müstəüil təhsil dayanır, eləcə də öz təcrübəsi üzərində öyrənmək. Və bu təlim get-gedə daha çox həyatımıza siyarət edir. Elə “NUR Art House” qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Heydər Əliyev İrsi Festivalı çərçivəsində heykəltaraşların vorkşopunun təşkil edilməsi də söylədiklərimizə əyani sübutdur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sözügedən vorkşop “Arts Council Azerbaijan” qurumunun, “World Craft Council Europe“ və “NUR Art House” qalereyasının birgə təşkilatçılığı ilə keçirilib. Festivalın müəllifi Dadaş Məmmədov, vorkşopun kuratoru Teymur Qəribov olub.
Vorkşop çərçivəsində 10 rəssamın yaratdığı 10 ayrıca əsər birlikdə Ulu Öndər Heydər Əliyevin həyatını, həmçinin onun Azərbaycanın inkişafı və çiçəklənməsinə olan təsirini əks etdirib. Eyni zamanda istedadlı heykəltaraş Teymur Qəribov Ümummilli Liderin büstünü yaradıb.
Məqsəd təkcə təsviri sənət obyektlərinin yaradılması deyil, həm də yaradıcılıq prosesi zamanı ustadın işini görmək, eləcə də qeyri-rəsmi şəraitdə rəssamlarla ünsiyyət qurmaq olub. Vorkşop, eyni zamanda, özünü təkmilləşdirmə, həmçinin gənc istedadların yetişdirilməsi forması kimi yaradıcı gənclərin dəstəklənməsi, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği məqsədilə həyata keçirilib.
Vorkşopda Aysel Nağıyeva, Zaur Qəhrəmanov, Fərid Məmmədov, Zümrüd Abbaszadə, Zəniyyət Məmmədova, Mələkxanım Əliyeva, Amin Ələsgərli, Gülarə Nəbiyeva və Dinara Müzəffərli iştirak ediblər.
Qeyd edək ki, girişi sərbəst olan tədbirin qonaqları heykəltaraşlıq əsərlərinin yaradılmasının əziyyətli və mürəkkəb prosesini görmək, eyni zamanda müxtəlif üslublarda bu prosesin mürəkkəbliyini, eləcə də gözəlliyini qiymətləndirmək imkanına sahib olublar.
Öyrənmək çox vacib cəhətdir. Axı insan daim öyrənməli, öz sənətinin ustadı, peşəkarı olmalıdır. Gəlin yeni - 3-cü minilliyin övladlarından - o cümlədın vorkşoplardan qorxmayaq, hadisələrin önündə olmağa çalışaq. Uğur burdadır.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)