Malayziyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb

Azərbaycanın Malayziyadakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Kuala Lumpur şəhərində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb.

 

Səfirlikdən AzərTAC-a bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə, həmçinin Azərbaycan və Malayziya arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə həsr edilmiş sərginin mayın 10-da rəsmi açılış mərasimi təşkil olunub. Sərgiyə Malayziyanın nüfuzlu incəsənət mərkəzlərindən biri olan “KL City Art” qalereyası ev sahibliyi edir.

“Diplomatiyanın incəsənəti” devizi altında keçirilən sərginin açılış mərasimində hazırda Malayziyada səfərdə olan Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, Malayziya Nümayəndələr Palatasının tərkibində fəaliyyət göstərən Malayziya-Azərbaycan dostluq qrupunun üzvü Zahir Bin Hassan, Malayziya Xarici İşlər Nazirliyinin idarə rəisi Yubazlan Yusof, malayziyalı sənətsevərlər, yerli media təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri iştirak edib. “KL City Art” qalereyasının direktoru Maizon Omar qonaqları salamlayıb, bu cür mədəni tədbirlərin iki xalq arasında dostluğun möhkəmlənməsində böyük rolunu vurğulayıb. 

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov belə bir nəcib təşəbbüs əsasında Malayziyada Azərbaycan incəsənətinin təbliğinə həsr edilmiş tədbirin keçirilməsini bir sıra cəhətlərdən tarixi olmaqla yanaşı, eyni zamanda, əlamətdar mədəni hadisə kimi dəyərləndirib. Səfir Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs edərək, onun əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulayıb. Diplomat Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev siyasi dəst-xəttini layiqincə davam etdirdiyini bildirərək, bu strateji və müdrik siyasətin Azərbaycan-Malayziya münasibətlərində də əks olunduğunu, iki ölkə arasında əlaqələrin qarşılıqlı etimada və dostluq prinsiplərinə əsaslanmaqla bir çox istiqamətdə uğurla inkişaf etdiyini qeyd edib.

Milli Məclisin deputatı Vüqar Bayramov, Malayziya parlamentinin üzvü Zahir Bin Hassan və “Dirçəliş” mərkəzinin direktoru İslam Baxşəliyev çıxış edərək bu əlamətdar gün ilə bağlı təəssüratlarını bölüşüblər. 

Sonra qonaqlar azərbaycanlı rəngkarlıq ustalarının əsərlərinə baxış keçiriblər.

Qeyd edək ki, sərgidə tematik olaraq, “Şuşa qalası”, “Xarıbülbül”, Azərbaycan çalğı alətləri kimi milli mövzularla yanaşı, universal dəyərləri, təbiət gözəlliyini, eləcə də sadə insan həyatını özündə əks etdirən 36 tablo nümayiş olunur.

Malayziya ictimaiyyətinin, o cümlədən yerli sənətsevərlərin böyük maraq göstərdiyi sərgi mayın 16-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.