Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı fotoqraf Maya Bağırovanın fotolarından ibarət sərgi açılıb.
AzərTAC xəbər verir ki, “Bakı otelləri” sərgisi “Prix Villegiature 2020-2021” - ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi nominasiyalar üzrə mükafatlandırma tədbiri çərçivəsində təşkil edilib. Sərgidə gənc fotoqrafın çəkdiyi Bakıdakı otellərin fotoları nümayiş olunub. “Absheron”, “Four Seasons”, “Fairmont “ kimi tanınmiş otellərin fotoları tədbir iştirakçılarının diqqətini cəlb edib.
Qeyd edək ki, “Prix Villegiature 2020-2021” tədbirində bir çox ölkələrin səfirləri ilə bərabər, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, dünyanın müxtəlif ölkələrindən otel rəhbərləri, məşhur dizayner şirkətlərinin nümayəndələri iştirak ediblər. Otel sektorunun nümayəndələri otellərimizlə maraqlanıblar. Onlara Azərbaycan tarixi, otelçiliyi haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, “Prix Villegiature 2020-2021” münsiflər heyəti “Fairmont Baku” otelini 5 otel arasında Avropada ən yaxşı daxili dizayn və arxitektura nominasiyası üzrə mükafatlandırıb. 2014-cü və 2017-ci illərdə “Four Seasons Baku” və Qəbələdəki “Chenot Palace Health Wellness Hotel”i otellər arasında Avropada ən yaxşı spa, kurort və otel nominasiyaları üzrə qalib olublar.