Biz növbəti dəfə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi təsis olunnan bir günü qeyd etdik. Bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olundu. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur. Hər il bu gün müəyyən bir deviz altında keçirilir. Bu ilin devizi irsin qorunmasından ibarət idi. Bu deviz altında görülən işlər əsasən tarixi və mədəniyyət abidələrinin qorunması üçün Azərbaycan ictimaiyyətinin də diqqətini çəkməkdən ibarətdir. Qobustan Milli Tarix-Bədii Qoruğu da hər il bu günün qeyd olunmasında fəal iştirak edir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev mediaya açıqlamasında deyib: “Qobustan qoruğu dünya səviyyəli abidədir. Azərbaycanın mədəni incisidir. Biz hər il bu günü müvafiq konfranslar və sərgi formatında qeyd edirik. Builki tədbirimiz sərgi formatındadır. Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə açılan sərgidə 100-ə yaxın əl işi təqdim olunur. Sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş tanınmış və gənc sənətkarlarımızın rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça və dizayn sahələri üzrə əl işləri nümayiş olunur. Çalışırıq ki, Azərbaycan ictimaiyyətinin diqqətini Qobustana və Qobustanın qayaüstü təsvirlərinə yönəldək. Fürsətdən istifadə edib hər bir Azərbaycan vətəndaşından xahiş etmək istərdim ki, mədəni irsimizə xüsusi diqqət və qayğı ilə yanaşaq və bu dəyərimizi birlikdə qorumağa çalışaq. 2020-ci il Azərbaycan dövləti üçün bir dönüş ili oldu. Qarabağımız 30 illik əsarətdən xilas olundu. Hazırda Azərbaycan dövləti tərəfindən həmin ərazilərdə həm infrastruktur, həm də mədəni abidələr baxımından böyükmiqyaslı layihələr həyata keçirilir. Bu da Qarabağ abidələrinin təbliğatının aparılması istiqamətində mühüm addımdır. Hər bir Azərbaycan vətəndaşını və mədəniyyət sahəsində çalışanları Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təbrik edirəm”.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)