Bu gün “Sənəti yaşadan unudulmaz” adlı sərgi açılacaq

Bu gün “NUR Art House” xalça qalereyasında keçəçi rəssam Rauf İsmayılovun xatirəsinə həsr olunmuş “Sənəti yaşadan unudulmaz” adlı sərgi açılacaq. 

 

Sərgi “NUR Art House”, “World Craft Council Europe”, “Azərbaycan xalçaçıları” İctimai Birliyi və “Art Council Azerbaijan” QHT-nin birgə təşkilatçılığı ilə keçiriləcək və aprelin 25-nə kimi davam edəcək. 

Rauf İsmayılov rəssamlığın müxtəlif janrlarında bir-birindən gözəl əsərlər yaratsa da uşaqlıqdan marağına səbəb olmuş, rəssam kimi püxtələşdikcə müxtəlif eksperimentlər apararaq uğurlu nəticələr əldə etdiyi, “Kitabi-Dədə Qorqud”dan daha qədim keçə sənətinə qəlbən bağlanmışdı. Nəinki bağlanıb, onun tədqiqatçısına çevrilib və yunun hazırlanma prosesindən boyanmasına qədər bütün mərhələləri yerinə yetirərək klassik, ənənəvi keçəyə müasir ruh gətirib.

Tamaşaçılar sərgidə nümayiş olunacaq əsərlərdə avanqard, modernizm və qrafikanın keçə həllini görməklə yanaşı, onların özünəməxsus fəlsəfi məzmuna və poetikasına heyran olacaqlar. 

Yaradıcı insanın duyğularını, həyata münasibətini, arzularını özündə əks etdirən keçə nümunələri, rəssamın rəngkarlıq, batika və digər əsərləri insan və zaman, insan və təbiət, sənətin kosmoqonik mahiyyətinin ifadəsidir. Bütün bunlar yaradıcılığının çiçəkləndiyi dövrdə bizi tərk edən, sadə, təvazökar, mədəni irsimizin təəssübkeşi Rauf İsmayılovun daxili aləminin zənginliyindən xəbər verir və “Sənəti yaşadan unudulmaz” fikrini bir daha sübut edir.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.