Azərbaycan xalçalarının və xalça toxuculuğu ənənələrinin ABŞ-da tanıdılması istiqamətində təşkil olunmuş sərgi ilə əlaqədar Vaşinqtona səfəri çərçivəsində “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Emin Məmmədovun Dünya Bankının bir sıra rəsmi şəxsləri və mütəxəssisləri ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı “Azərxalça” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşlərin əsas məqsədi Azərbaycan xalça sənayesinin müasir inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparmaq və bu sənaye növündə Dünya Bankı Qrupuna daxil olan maliyyə institutları ilə mümkün əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsi olmub.
Dünya Bankının İdarə Heyətinin üzvü, icraçı direktor Dominik Favre, Bankın Gender departamenti və Avropa və Mərkəzi Asiya regionlarında münaqişələr üzrə qrupunun rəhbər şəxsləri və mütəxəssisləri ilə keçirilmiş görüşlərdə “Azərxalça” ASC rəhbərliyi Azərbaycanda xalça sənətinin müasir inkişaf mərhələsi barədə məlumat verib. Emin Məmmədov təmsil etdiyi qurumun regionlarda ən çox qadın işçilərin çalışdığı müəssisə olduğunu diqqətə çatdıraraq, xanımların sosial rifah halının “Azərxalça” ASC üçün prioritet təşkil etdiyini bildirib.
Hazırda Azərbaycan xalçaçılıq sənətinin sənaye sahəsi olaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən “Azərxalça” ASC sədri bütün digər incəsənət növlərində olduğu kimi, xalçaçılıq sənətinin də rəqabətə davamlılığının artırılması üçün müasir dünyanın həm zövq, həm də texnika tələblərinə cavab verməli olduğunu bildirib. Bunun üçün “Azərxalça” ASC-nin həm yerli, həm də dünyanın tanınmış dizayn mütəxəssisləri ilə də çalışdığı qeyd edilib. Emin Məmmədov bu dəyişikliklərin Azərbaycan xalçalarının ənənəvi bazarlardan başqa, ABŞ kimi yeni bazarlarda da geniş yayılmasına imkan verəcəyinə inamını ifadə edib.
Görüşlərdə, ənənəvi sayılan və daha çox əl əməyi tələb edən bu kimi sənət növlərinin qorunması və iqtisadi cəlbediciliyinin artırılması istiqamətində Azərbaycanın gördüyü işlər təqdir edilib və bunun gələcəkdə digər inkişaf etməkdə olan ölkələrdə də sosial və iqtisadi model olaraq tətbiq edilə biləcəyi vurğulanıb.
Keçirilmiş görüşlərdə Dünya Bankında Azərbaycanın nümayəndəsi Namiq Nağdəliyev, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin iqtisadi məsələlər üzrə əməkdaşı Mahmud Mahmudov iştirak ediblər.
Qeyd edək ki, “Azərxalça” ASC-nin nümayəndə heyəti mart 27-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan xalçalarından ibarət sərginin açılışında iştirak edib. “Azərxalça” ASC və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkil etdiyi sərgidə Azərbaycan xalçaçılıq sənətinin ənənəvi nümunələri ilə yanaşı, müasir dizaynda tərtib edilmiş yeni xətt xalçaları da nümayiş etdirilir. Sərgi bir il müddətində ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən qalereyasında fəaliyyət göstərəcək.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)