Məşhur ispan fırça ustası Pablo Pikassonun çəkdiyi rəsm əsəri Honkonq hərracında 191, 6 milyon Honkonq dollarına (24,6 milyon ABŞ dolları) satılıb.
TASS agentliyi xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.
Məbləğ əsərə qoyulan ilkin dəyərləndirmədən çox da kənara çıxmayıb. Satılan “Çömbəlib oturmuş qadın” (Femme Accroupie) əsərində rəssam öz həyat yoldaşı Jaklin Roku təsvir edib.
Eyni hərracda öncəki aylarda 9.1 milyon dollara Hollandiyalı rəssam Vinsent Van Qoqun natürmortu, 10,3 milyon dollara isə çin mənşəli fransız abstraksionisti Sanyunun “Yatmış gözəl” əsəri də satılmışdı.
Hərracda fransalı heykəltaraş Oqüst Rodenin yaratdığı Napoleon Bonapartın büstü səbəbi açıqlanmadan satışdan çıxarılıb. Bu əsər 70-90 milyon Honkonq dolları civarında qiymətləndirilmişdir. Büst 1930-cu illərdə itkin düşmüş hesab olunurdu. Sənətşünaslar 2015-ci ilə qədər onun harada olduğundan xəbərsiz olmuşlar.