Litva paytaxtındakı Jurnalistlər Evində Xocalı soyqırımının şahidi, Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran litvalı jurnalist Riçardas Lapaitisin “Xocalıya ədalət!” adlı fotosərgisi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatına görə, sərgidə Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev ölkəmizin başına gətirilən bu dəhşətli faciəni unutmağın qeyri-mümkün olduğunu bildirib. “Hər bir ölkədə bədbəxt hadisələr olur. Amma Xocalı soyqırımı elə faciədir ki, dünya ona susdu. Xocalıda həlak olanların sayını bilirsiniz? Mən dəqiq sayı deməyəcəm. Çünki hələ də onlarla insan tapılmayıb, onların taleyinin necə olduğu bilinmir. Əgər Xocalı faciəsinə qarşı hansısa reaksiya olsaydı, əminəm ki, bu gün dünyada bənzər hadisələr baş verməzdi”, - deyə səfir nəzərə çatdırıb.
Xocalı soyqırımını işıqlandıran azsaylı insanlara, o cümlədən də Riçardas Lapaitisə təşəkkürünü bildirən diplomat vurğulayıb ki, 30 il ədalət gözləməkdən yorulan Azərbaycan xalqı ölkəmizə və mülki azərbaycanlılara qarşı olan zorakılığa cavab vermək üçün 2020-ci ilin payızında hərbi gücə əl atmağa məcbur oldu və torpaqlarımızı işğaldan azad etdi.
Riçardas Lapaitis çıxışında vurğulayıb ki, dünya ictimaiyyəti hələ də Xocalı soyqırımı ilə əlaqədar ədalətli mövqe bildirməyib. Jurnalist 1992-ci ildə Xocalı qətliamından sonra çəkdiyi şəkillərin tarixçəsi barədə danışıb.
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və "Sonsuz dəhliz" filminin diskləri tədbir iştirakçılarına paylanıb.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)