Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.
Bu gün - fevralın 8-də Müşfiq Heydərovun rəhbərliyi ilə “Relyef heykəltaraşlığı” mövzusunda ustad dərsi keçiriləcək.
Ustad dərsi ilk dəfə heykəltaraşlıqda özünü sınamaq və ya bu sənət növündə bacarıqları dərinləşdirmək imkanı verir. İştirakçılar öz unikal heykəltaraşlıq relyeflərini yaradacaqlar.
Bu ilin ilk dərsi fevralın 1-də Hüseyn Haqverdiyevin iştirakı ilə keçirilmişdi, “Həndəsi kodlar” mövzusuna həsr olunmuşdu. Ustad dərsinin iştirakçıları kağızdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaratmışdılar. Bu texnika onlara həndəsə və formalar ilə təcrübə aparmağa imkan vermişdi.
Fevralın 15-də isə dərslər Miraslan Zeynin rəhbərliyi ilə “Tekstura və kollaj” mövzusunda keçiriləcək. Bu ustad dərsində müasir incəsənətin qarışıq texnikalarından istifadə olunacaq. İştirakçılar kollaj texnikasından istifadə edərək, kətan üzərində əsərlər yaradacaq və əsərlərinə müxtəlif fakturalar verəcəklər.
Fevralın son dərsi 22-də Bəhruz Kəngərlinin iştirakı ilə “Rəngkarlıq fakturası” mövzusunda olacaq.
Ustad dərsi, iştirakçılara ənənəvi rəngkarlığa yeni müasir bucaqdan baxmağa, həmçinin əsas texnika və üsullarla tanış olmağa imkan verəcək. Akril boyalar və markerlərdən istifadə edərək, iştirakçılar öz fikirlərini və ideyalarını kətan üzərinə köçürəcəklər.
Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)