“Mədəni irsə yeni baxış” adlı sərgi açılıb

 

Azərbaycan Milli Xalça Muzeyində ilin ilk sərgisi - “Mədəni irsə yeni baxış” adlı sərgi açılıb. “Azərxalça” ASC, “AFFFAIR” və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı, PAŞA Holding, “PAŞA Bank” və Kapital Bankın tərəfdaşlığı ilə baş tutan sərgidə nümayiş olunan beş müasir xalça nümunəsi muzeyə hədiyyə edilib. “Azərxalça” ASC və “AFFFAIR”-in birgə yaratdığı bu müasir xalça kolleksiyası Qarabağ zəfərinə həsr olunub. 

 

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın məlumatına görə, məqsəd xalçanın xalqımız üçün əsrlərdir dəyişilməyən çox qiymətli mənəvi irs olduğunu vurğulamaq, tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır. 

“Tanınmış azərbaycanlı dizayner, “AFFFAIR”-in yaradıcı direktoru və təsisçisi Rüfət İsmayıl müasir modanı dünyada layiqlə təmsil edir. O həm də, yaratdığı geyim nümunələrində etnik mədəniyyəti, xalçalarımıza aid zəngin naxış elementlərini əks etdirir. Rüfət İsmayıl “Sumakh” kolleksiyası üzərində uzun zaman işləyərək, bu müddət ərzində Azərbaycan Milli Xalça Muzeyi ilə çalışmış, burada saxlanılan həm qədim, ənənəvi xalçalardan, həm də müasir peşəkar xalçaçı-rəssamların yaratdığı əsərlərdən ilhamlanıb. Sərgidə nümayiş edilən “Naxçıvan”, “Qarabağ”, “Açma-yumma” xalçaları muzeyimizdə qorunan eyniadlı xalçaların elementlərindən istifadə edilməklə yaradılıb. Əvvəlcə onlar “Sumakh” kolleksiyasına aid geyimlərin parçalarında əksini tapdı, daha sonra isə tekstildə istifadə olunan bu motivlər xalçaya qaytarıldı. 2020-ci ildə biz muzey olaraq çox maraqlı bir layihəni reallaşdırdıq. İki il sürən araşdırma nəticəsində qədim ənənəyə əsaslanan, boyanmamış yundan təbii, oxra çalarlarında 5 xalça ərsəyə gətirdik. Bunlar muzeyimizə hədiyyə edilən nadir xalça kompozisiyalarının replikaları idi. XVII əsrin sonu-XVIII əsrin əvvəlinə aid, Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə muzeyimizə hədiyyə olunan “Naxçıvan” xalçası onlardan biri olmaqla Rüfət İsmayılı ilhamlandırmış və o da, eyni rəng çalarlarından istifadə etməklə xalçanın mərkəzi elementindən istifadə etmişdir. Sərgidə təqdim olunan “Naxçıvan” xalçası üzərində də bu element əksini tapmışdır. “Ovçuluq” adlı xalça isə “Bəndi-Rumi” bədii kompozisiyası və Xalq rəssamı Eldar Mikayılzadənin yeni “Şəki xalçaları” silsiləsinə aid “Şəbəkəli” xalçası əsasında ərsəyə gəlmişdir. 

Qeyd edim ki, Heydər Əliyev Fondunun dəstəyi ilə təqdimatı olan bu xalçalar hazırda Heydər Əliyev Mərkəzində sərgilənməkdədir. Nəhayət ziyarətçilər burada dünyanın ilk xalı nümunəsi olan “Pazırık” xalçasının mərkəzi elementləri üzərində işlənmiş müasir xalça nümunəsini də görə bilərlər. Muzeyə hədiyyə olunan bu dəyərli xalçalar tezliklə kolleksiyamızda öz yerlərini tutacaq. Sərgi fevralın 10-a kimi davam edəcək”, - deyə Şirin Məlikova qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.